“Korrupsiya barədə məlumat verən şəxslərin hüquqları qorunmalıdır” - AZƏR BADAMOV
Müzakirəyə təqdim olunan qanun layihəsi korrupsiya ilə mübarizənin səmərəliliyinin artırılması, korrupsiya halları barədə məlumat verən şəxslərin hüquqlarının qorunması və onların dövlət tərəfindən müdafiəsi üçün zəruri hüquqi mexanizmlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
SİA xəbər verir ki, bu fikirləri deputat Azər Badamov Milli Məclisin bugünkü plenar iclasında qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
O bildirib ki, qanun layihəsinə konseptual yanaşmanın əsasını bir prinsip təşkil edir: korrupsiya haqqında məlumat verən şəxs hüquqi müdafiəyə, təhlükəsizliyə və ədalətli münasibətə təminat almalıdır.
Deputatın sözlərinə görə, korrupsiya ilə mübarizə yalnız hüquqpozmalara görə məsuliyyətin müəyyən edilməsi ilə məhdudlaşmır. Bu mübarizənin nəticəli olması üçün vətəndaşların, dövlət və özəl sektor əməkdaşlarının qanun pozuntuları barədə məlumat verməkdən çəkinməməsi, onların təzyiq və qisas tədbirlərindən qorunacağına inanması vacibdir.
O qeyd edib ki, təqdim olunan qanunvericilik dəyişiklikləri məhz bu məqsədə xidmət edir. Əmək Məcəlləsinə təklif edilən əlavələr məlumat verən işçilərin hüquqlarının əmək münasibətlərində qorunmasına, Vergi Məcəlləsinə dəyişiklik isə onlara ödənilən mükafatın gəlir vergisindən azad edilməsinə yönəlib. Cinayət-Prosessual Məcəlləyə və dövlət müdafiəsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər həmin şəxslərin təhlükəsizliyinin təmin edilməsi və zəruri hallarda hüquqi müdafiə imkanlarının genişləndirilməsi üçün əsas yaradır.
Azər Badamovun sözlərinə görə, informasiya əldə etmək, fərdi məlumatlar və vətəndaşların müraciətləri ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər məlumat verən şəxsin kimliyinin və araşdırma zamanı əldə edilmiş məlumatların məxfiliyinin qorunmasını nəzərdə tutur.
Deputat bildirib ki, bu məsələdə xüsusilə üç məqam prinsipial əhəmiyyət daşıyır. Birincisi, məlumat verən şəxsin kimliyinin məxfiliyi real və effektiv şəkildə qorunmalıdır. İkincisi, həmin şəxsə qarşı işdən azad etmə, vəzifədə irəliləməyə mane olma, təzyiq və digər qisas tədbirlərinin qarşısını alan mexanizmlər praktikada işləməlidir. Üçüncüsü, məlumatlara baxılması və araşdırılması prosesində obyektivlik, qanunçuluq və məlumat verən şəxsin hüquqları arasında düzgün tarazlıq təmin olunmalıdır.
O vurğulayıb ki, müdafiə mexanizmləri vicdanla və əsaslı şəkildə məlumat verən şəxslər üçün etibarlı təminat yaratmalı, bilərəkdən yalan məlumat verilməsi və hüquqdan sui-istifadə halları isə qanunvericiliyə uyğun qiymətləndirilməlidir.
Azər Badamov əlavə edib ki, qanun layihəsində söhbət korrupsiyaya qarşı mübarizədə institusional etimadın gücləndirilməsindən, məlumat verən şəxsin müdafiəsinin təmin edilməsindən və hüquqpozuntularının vaxtında aşkar olunmasına şərait yaradılmasından gedir.
Deputat qeyd olunanları nəzərə alaraq, qanun layihəsini konseptual baxımdan dəstəklədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB