"3 oktyabr Azərbaycan xalqının hansı yolla irəliləmək istədiyinin təcəssümüdür" - POLİTOLOQ DANIŞDI
"Orta güc mövqeyinə yüksələn Azərbaycanın inkişaf tarixinə nəzər yetirdiyimiz zaman, şübhəsiz ki, təqvimin əlamətdar günlərin sayı çoxdur. Ümummilli Lider Heydər Əliyevin oktyabrın 3-də xalqın təkidli tələbi ilə prezident seçilməsi, şübhəsiz ki, bugünkü reallıqlarımızın başlanğıc tarixidir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, əgər Ulu Öndər oktyabrın 3-də prezident seçilməsə idi və Azərbaycanı məhv olmaq təhlükəsindən döndərməsə idi, bugünkü reallıqlardan danışmaqdan olduqca uzaq olardıq:
"Lakin 98,84 faiz səs çoxluğu, düşünürəm ki, Azərbaycan xalqının hansı yolla irəliləmək istədiyinin təcəssümü idi. Heydər Əliyevin məhz o vaxtkı şəraitdə bu qədər səs çoxluğu ilə prezident seçilməsi xalqın öz yolunu özünün müəyyənləşdirdiyindən xəbər verirdi. Şübhəsiz ki, xalq özbaşınalıqdan, hərc-mərclikdən, siyasi kürsü uğrunda gedən çirkli oyunlardan yorulmuşdu.
Bu baxımdan da nicatı yalnız və yalnız Ulu Öndərimiz Heydər Əliyevdə görürdü. Möhkəm siyasi iradəyə, nüfuza, idarəçilik istedadına malik olan bu dünya şöhrətli azərbaycanlı xalqın inamını dərindən qazanmağı bacarmışdı. Çünki hələ 1990-cı ilin 20 Yanvar hadisələri zamanı etdiyi çıxışla Ulu Öndər Heydər Əliyev bir daha sübuta yetirmişdi ki, Azərbaycan xalqının taleyi, ağrısı-acısı, qan yaddaşı bu dahi şəxsiyyət üçün həyatda hər şeydən önəmlidir.
Qədirbilən xalqımız çox aydın dərk edirdi ki, olduqca ağır və böhranlı vəziyyətdən xalqı çıxara biləcək şəxsiyyət məhz Heydər Əliyev idi. Hələ 1969–1982-ci illərdə hakimiyyətdə olan Heydər Əliyev misilsiz işlərlə xalqın yaddaşında dərindən kök salmışdı. Məhz bu yaddaş xalqı bir daha oyatdı və həyatının mənasını xalqa, dövlətə həsr edən Ulu Öndəri yenidən prezident kürsüsünə gətirdi.
Olduqca qısa zaman çərçivəsində Azərbaycan öz gücünü və nüfuzunu bərpa etməyə başladı. Azərbaycan nəinki regionda, beynəlxalq münasibətlər sistemində də heç bir yeri və mövqeyi olmayan bir ölkə kimi torpaqlarını itirir, xalqı isə məcburi köçkün və qaçqın vəziyyətinə düşürdü.
Qısa zaman çərçivəsində çevik qərarlarla Azərbaycanı daha böyük bəlalara düçar olmaqdan Ulu Öndər Heydər Əliyev xilas etdi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi yarandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin gələcək inkişafının və təhlükəsizliyinin əsası qoyuldu.
Bununla da dünya xəritəsindəki mövqeyimizi tutmağı bacardıq. Vaxt var idi, Azərbaycan dünyada neft ölkəsi olaraq tanınmağa başlamışdı. Bu gün isə Azərbaycan hərtərəfli inkişaf edən, çiçəklənən, öz milli qürurunu və ləyaqətini bərpa edən bir dövlətdir.
Azərbaycan bu gün Cənubi Qafqazın taleyini müəyyənləşdirən dövlətdir.
Sonrakı inkişaf mərhələləri sübut etdi ki, məhz Heydər Əliyevin şəxsi nüfuzu Azərbaycanı mühüm aktorlar sırasında yer almağa gətirib çıxardı. 1993-cü il oktyabrın 10-da andiçmə mərasimi keçirilərkən Heydər Əliyev bildirirdi ki, biz müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıyıq. Məhz bunun nəticəsi idi ki, Azərbaycan Ordusu yenidən formalaşdırılmağa başladı. Xalqımız ayağa qalxaraq, güc toplayaraq müasir ordu yaratmağa müvəffəq oldu. Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi olduqca uzaqgörən bir seçim idi. Məhz bundan sonra silahlı qüvvələrimizin maddi-texniki bazası gücləndirildi. Ordu quruculuğu siyasəti düzgün qərarların qəbul edilməsi ilə daha da möhkəmləndirildi. Ümummilli Liderimizin qarşıya qoyduğu ən ümdə vəzifələrdən biri dövlət quruculuğunu uğurla həyata keçirmək idi.
Bu baxımdan institusional, demokratik və hüquqi müstəvidə təxirəsalınmaz addımlar atıldı. Məhz bu addımların nəticəsidir ki, biz dünyəvi dövlət qurmağı bacardıq. Məhz bu dünyəvi dövlət quruculuğu Azərbaycanı parçalanmadan, bölünmədən və təfriqələrdən uzaq tutdu.
Məhz bu yanaşma birliyin nə qədər əhəmiyyətli və vacib olduğunu bir daha təsdiqlədi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında sadəcə qurucu və xilaskar dövlət xadimi kimi qalmadı. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən əvəzsiz Lider idi.
Məhz bu Lider özündən sonra siyasi dəst-xətti qoruyub saxlayacaq, onu daha da genişləndirəcək yeni bir Lider yetişdirdi. Cənab Prezident İlham Əliyevin Ümummilli Liderimiz Heydər Əliyevin hər bir sözünü, hər bir tövsiyəsini, hər bir tapşırığını sədaqətlə və ləyaqətlə yerinə yetirməsinin nəticəsidir ki, bu gün Azərbaycan ərazi bütövlüyü və suverenliyi təmin edilmiş bir dövlət olaraq dünyanın bir çox ölkələrinə nümunədir. Bu gün Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işləri yaxından öyrənilir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sisteminin orta gücü olaraq artıq dünya siyasətinin formalaşdırılmasında yaxından iştirak edir.
Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin və mədəni irsinin dünyada tanıdılması istiqamətində əvəzsiz addımlar atır. Humanitar diplomatiyamızın inkişafında misilsiz xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan cəmiyyətində etimadın, birliyin və bərabərliyin möhkəm əsaslarla qorunub saxlanılması istiqamətində əvəzsiz addımlar atır.
Azərbaycanın inkişafının təməlində Ümummilli Lider Heydər Əliyevin ideyaları və idealları dayanır. Bütün nəsillərin nümayəndələri bu dəst-xəttə sədaqətlə və ləyaqətlə xidmət etməli, onu qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidir.
3 oktyabr 1993-cü il tarixi Azərbaycan xalqının şərəflə, qürurla və minnətdarlıq hissi ilə xatırladığı bir tarixdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB