Mənzil alarkən borc və ya hüquqi öhdəliklə qarşılaşmamaq üçün hansı addımlar atılmalıdır? - EKSPERT AÇIQLADI
Mənzil alarkən yalnız əmlakın çıxarışının olub-olmamasını yoxlamaq kifayət etmir. Alıcı mənzilin bank ipotekasında, girovda və ya digər öhdəlik altında olub-olmadığını, eləcə də əmlakla bağlı borcların mövcudluğunu əvvəlcədən dəqiqləşdirməlidir. Bəs sonradan hər hansı borc və ya hüquqi öhdəliklə qarşılaşmamaq üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, mənzil alqı-satqısı zamanı belə bir sənəd var:
“Bu sənəd mənzilin yüklülüyü haqqında arayışdır. Daha doğru desək, mənzilin yüklü olub-olmaması barədə arayışdır.
Alqı-satqı zamanı həmin sənəd notarius tərəfindən həmin anda çıxarılır. Yəni, əgər mənzilin yüklülüyü varsa, orada göstərilir ki, bu mənzil hansısa bankda girovdadır və yaxud ipotekadadır. Bu halda həmin mənzilin satışına qadağa qoyulur. Yəni, mənzil satıla bilməz. Ta ki, həmin bankdan azadlaşdırılıb, borclu olan məbləğ banka köçürülənədək.
Burada tərəf kimi bank da iştirak edir. Alqı-satqı zamanı həmin bankın vəsaiti bankın hesabına yatırıldıqdan sonra mənzil yüklülükdən azad olunur. Yəni, həmin mənzil satıla bilər.
Burada xüsusilə qeyd etməliyəm ki, alqı-satqının həyata keçirilməsi üçün həmin bankın razılığı lazımdır. Çünki bank notariusdan öz pulunun ödənilməsini əsas tələb kimi qoyur və alqı-satqı zamanı banka olan borc birbaşa bankın hesabına yatırılır. Daha sonra alqı-satqı başa çatmış hesab edilir və mənzil yüklülükdən azad olunur.
Əgər tərəflər bu yolla da getmirlərsə, alqı-satqıya qadağa qoyulur. Yəni, bu mənzil satıla bilməz.
Konkret olaraq, mənzilin yüklülüyünün olub-olmaması barədə arayış alqı-satqı zamanı çıxarılır və mənzilin yüklülüyünün olub-olmaması müəyyən edilir. Əgər yüklülük varsa, alqı-satqı həyata keçirilmir. Əgər yüklülük yoxdursa, alqı-satqı həyata keçirilir.
Digər borclar isə vətəndaşın öz məsələsidir. Bu, mənzil sahibi ilə alıcının öz arasında olan məsələdir. Burada ola bilər ki, vətəndaşın hər hansı kommunal xidmətlərə borcu olsun və yaxud da qaz, su, işıq borcu olsun.
Bu zaman vətəndaş üçün çox yaxşı olar ki, həmin borcları elə yerindəcə, alqı-satqıdan əvvəl yoxlatdırsın. İndi bildiyiniz kimi, sayğacların çoxu kartladır. Kartla işləməyən sayğacları da hazırda müxtəlif aparat və sistemlər vasitəsilə yoxlamaq mümkündür. Həmin borcları alqı-satqı zamanı yoxlamaq olar.
Qaldı yeni binalarda komendant və xidmət haqqına. Hər binada, bildiyiniz kimi, müəyyən xidmət haqqı mövcuddur. Həmin məbləğ barədə bina komendantından soruşmaqla, yəni yaxınlaşıb mənzilin nömrəsini deyərək məlumat almaq mümkündür. Həmçinin həmin mənzilin tikinti şirkətinə və yaxud binanı idarə edən şirkətə borcunun olub-olmaması barədə alıcı arayış tələb edə bilər.
Yəni, alıcı satıcıdan tələb edə bilər ki, həmin MTK-dan və yaxud xidmət göstərən şirkətdən konkret olaraq borcun olub-olmaması barədə arayış təqdim etsin. Və yaxud da alıcı ilə satıcı birlikdə həmin tikinti şirkətinə və ya binanı idarə edən şirkətə yaxınlaşaraq bunu aydınlaşdıra bilərlər: həmin mənzilin xidmət haqqına borcu var, yoxsa yoxdur.
Qaldı digər borclara, bu artıq tərəflər arasında olan məsələdir. Konkret olaraq, alıcı və satıcı arasında alqı-satqı baş tutduğu zaman öhdəlik müqaviləsi imzalansa, çox yaxşı olar.
Bu öhdəlik müqaviləsi ondan ibarətdir ki, gələcəkdə mənzilin alqı-satqısı həyata keçirildikdən sonra keçmişdə yaranmış borclar birbaşa satıcının üzərində qalır. Yəni, alqı-satqı gününə qədər olan borcların hamısının satıcının üzərində qalması ilə bağlı öhdəlik götürülsün və tərəflər arasında bununla bağlı razılaşma əldə edilsin.
Bu yolla gələcəkdə hər hansı borc ortaya çıxarsa, tərəflər arasında bağlanmış həmin razılaşmaya əsasən məhkəmə yolu ilə öz hüquqlarını bərpa etmək və həmin borcu satıcıya ödətdirmək mümkündür. Ona görə də tərəflərin arasında öhdəlik müqaviləsinin bağlanması daha yaxşı olar.
Yəni, mənzilin gələcəkdə borcunun olub-olmaması və yaxud kommunal borclarının ödənilməsi, həmçinin gələcəkdə hər hansı borc yaranarsa, həmin mənzilin alqı-satqı anına qədər olan keçmiş borclarının ödənilməsi ilə bağlı razılıq əldə edilsə, bu, məhkəmə mübahisəsi yarandıqda tərəflərin hüquqlarının müdafiəsinə kömək edə bilər. Belə razılaşma alıcının həmin borcun ödənilməsini tələb etməsi üçün əsas kimi istifadə oluna bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB