“YAP-ın Avropa və digər ölkələrin siyasi partiyaları ilə əlaqələri inkişaf etdirilib” - TAHİR BUDAQOV
“Avropa ölkələrinin, eləcə də digər regionların siyasi partiyaları ilə keçirilən görüşlər və birgə tədbirlər partiyalararası əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verib”.
SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini Tahir Budaqov Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, hesabat dövründə Macarıstanın hakim Fidesz – Macar Vətəndaş İttifaqı Partiyası ilə də əlaqələr davam etdirilib. T.Budaqov qeyd edib ki, partiyanın nümayəndəsi 2024-cü il mayın 15-də Şuşa şəhərində Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümü münasibətilə keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərin qoyulması” mövzusunda beynəlxalq konfransda iştirak edib.
YAP sədrinin müavini vurğulayıb ki, Serbiya Tərəqqipərvər Partiyası ilə də əlaqələr müxtəlif tədbirlər çərçivəsində inkişaf etdirilib. Onun sözlərinə görə, partiyanın nümayəndə heyətləri 2025 və 2026-cı illərdə YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilmiş beynəlxalq konfranslarda, həmçinin 2025-ci ilin oktyabrında Bakıda keçirilmiş AİKCAP tədbirində iştirak ediblər.
T.Budaqov bildirib ki, hesabat dövründə Ukraynanın hakim “Xalqın Xidmətçisi” siyasi partiyası ilə əlaqələr də qurulub. O qeyd edib ki, YAP nümayəndə heyətinin Ukraynaya səfəri zamanı 2021-ci il dekabrın 3-də Yeni Azərbaycan Partiyası ilə “Xalqın Xidmətçisi” siyasi partiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Həmçinin hər iki partiyanın nümayəndə heyətləri 2025 və 2026-cı illərdə Şuşada keçirilmiş beynəlxalq konfranslarda və Bakıda təşkil olunmuş AİKCAP tədbirində iştirak ediblər.
YAP sədrinin müavini qeyd edib ki, partiyanın əməkdaşlıq etdiyi siyasi partiyaların coğrafiyasının genişləndirilməsinin nümunələrindən biri Kuba Kommunist Partiyası ilə əlaqələrdir. Onun sözlərinə görə, iki partiyanın nümayəndələri arasında 2024-cü ildə onlayn görüş keçirilib, Kuba Respublikasının Azərbaycandakı səfiri isə 2025-ci ildə Bakıda keçirilmiş AİKCAP tədbirində Kuba Kommunist Partiyasını təmsil edib.
T.Budaqov bildirib ki, Kuba Kommunist Partiyasının dəvəti ilə YAP nümayəndə heyətinin Kubaya səfəri çərçivəsində 2025-ci il noyabrın 24-də Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Səfər çərçivəsində YAP nümayəndə heyəti Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Kuba Respublikasının Prezidenti Migel Dias-Kanellə görüşüb.
O əlavə edib ki, Rusiyanın hakim “Yedinaya Rossiya” Partiyası ilə əlaqələr də müxtəlif tədbirlər çərçivəsində davam etdirilib. T.Budaqov bildirib ki, “Yedinaya Rossiya” Partiyasının nümayəndələri 2022-ci ildə Bakıda keçirilən YAP-ın 30 illik yubileyi tədbirində, həmçinin AİKCAP çərçivəsində təşkil olunan “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransda iştirak ediblər.
YAP sədrinin müavini qeyd edib ki, YAP nümayəndələri də “Yedinaya Rossiya” Partiyasının təşkil etdiyi müxtəlif beynəlxalq tədbirlərdə iştirak ediblər. Onun sözlərinə görə, YAP nümayəndələri 2021-2022-ci illərdə videokonfrans formatında keçirilən tədbirlərlə yanaşı, Moskvada təşkil olunan “Millətlərin azadlığı uğrunda” beynəlxalq forumunda, Kalininqrad şəhərində keçirilən “XXI əsrdə həqiqi sülhün və etibarlı təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif siyasi sistemlərə malik dövlətlərin dinc yanaşı yaşaması prinsiplərinin əhəmiyyəti” mövzusunda dəyirmi masada, Permdə keçirilən “Avropa-Asiya sivilizasiyalarının dialoqu” mövzusunda II konfransda, Vladivostokda təşkil olunan “Qlobal əksəriyyət çoxqütblü dünyanın tərəfdarıdır” mövzusunda siyasi partiyaların beynəlxalq forumunda, Moskvada keçirilən “Faşizm üzərində Qələbənin əhəmiyyəti: BMT-nin yaradılmasından çıxarılan dərslər” mövzusunda beynəlxalq simpoziumda, eləcə də Permdə təşkil olunmuş AİKCAP tədbirində və “Böyük Avrasiyada vahid, bərabər təhlükəsizlik və əməkdaşlıq sisteminin formalaşması problemləri” mövzusunda beynəlxalq ictimai-siyasi dinləmələrdə iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB