“TRIPP marşrutunun reallaşması Azərbaycanın yaratdığı yeni reallığın nəticəsidir” - MİLLƏT VƏKİLİ

“TRIPP marşrutunun reallaşması Azərbaycanın yaratdığı yeni reallığın nəticəsidir” - MİLLƏT VƏKİLİ

"TRIPP layihəsinin reallaşdırılması, təbii ki, Zəngəzur dəhlizinin açılması, Azərbaycanın həm Naxçıvanla birləşməsi, həm də ümumiyyətlə, regional nəqliyyat və kommunikasiya xətlərinin tam funksional olması deməkdir. Burada regionaldan qlobal bir layihənin bütövləşməsindən söhbət gedir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, çünki biz burada Orta Dəhlizin çatışmayan hissəsi olan Zəngəzur dəhlizinin açılmasından söhbət edirik: "Minlərlə kilometr uzunluğu olan Zəngəzur dəhlizi məhz 43 kilometrlik hissənin açılması ilə tam funksional olacaq.

Ona görə də Orta Dəhlizin bu qədər önəmli olması, həmçinin Zəngəzur dəhlizinin açılmasını şərtləndirir. İndi biz hazırkı dövrdə Zəngəzur dəhlizinin TRIPP marşrutunun açılmasından danışırıqsa, bunu Azərbaycanın yaratdığı yeni reallıqlarla əlaqələndirmək doğrudur. Çünki biz çox bəyanatlar eşidirik Ermənistan rəsmiləri tərəfindən, Avropa rəsmilərindən, ümumiyyətlə, dünya ictimaiyyətindən ki, Zəngəzur dəhlizinin açılması ilə təbii ki, hamı udacaq.

Amma bir şeyi unutmaq lazım deyil ki, bu gün Azərbaycan torpaqlarını işğaldan azad etməsəydi, bu gün biz Ermənistanın işğalçı qüvvələrini torpaqlarımızdan çıxartmasaydıq, təbii ki, heç kim hazırda nə Zəngəzur dəhlizinin açılmasından danışacaqdı, nə də ümumiyyətlə, regional nəqliyyat və kommunikasiya xətlərindən.

Ona görə bu məsələlərə diqqət ayırarkən hökmən Azərbaycanın yaratdığı yeni reallığı, Azərbaycanın yeni dünya gücü olması məsələsini gündəmdə saxlamaq lazımdır. Beləliklə, məhz müharibənin başa çatması ilə biz yeni reallığın yaranmasına səbəb olmuşuq.

Beləliklə də, hazırda TRIPP marşrutunun, Zəngəzur dəhlizinin açılması bütün dünya güclərinə, bütün dünya güc mərkəzlərinə, onların maraqlarına uyğun gəlir. Və nəhayət ki, Ermənistan vaxtilə 30 il ərzində özünü təcrid siyasəti apararaq torpaqlarımızı işğal etmişdir, özünü təcrid etmişdi, bütün regional və qlobal layihələrdən kənarda qalmışdı.

Hətta xatırlayırsınızsa, müharibə təzə başa çatarkən, 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanarkən məhz Zəngəzur dəhlizinin açılmasından söhbət gedərkən Ermənistan sonradan tərəddüdlər edirdi, bunu təkzib etməyə çalışırdı ki, belə bir dəhliz mümkün deyil. Ancaq hazırda görürük ki, Ermənistan özü elə ən çox bu dəhlizin açılmasını istəyən tərəflərdəndir.

Ancaq yenə qeyd etmək lazımdır ki, bütün bu siyasətin, bütün bu yeni reallığın memarı, banisi Azərbaycan dövlətidir, Azərbaycan Prezidentidir, xalqımızdır, ordumuzdur və canlarından keçən şəhidlərimizdir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə