“Qubadlı Şəhəri Günü tarixi Zəfərin və dövlətçilik iradəsinin təntənəsini əks etdirir” -MİLLƏT VƏKİLİ
“Qubadlı Şəhəri Günü Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təmin olunması və milli dövlətçilik iradəsinin təntənəsi baxımından mühüm əhəmiyyət daşıyır. Hər il oktyabrın 25-də qeyd olunan bu əlamətdar gün xalqımızın torpaqlarına bağlılığını, milli həmrəyliyini və müstəqil dövlət quruculuğu yolunda qazandığı nailiyyətləri təcəssüm etdirir”.
Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qubadlının azadlığı yalnız bir şəhərin işğaldan qurtuluşu deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atılmış tarixi addımlardan biridir:
“Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıntılara məruz qalmış, əhali doğma yurdlarından didərgin düşmüş, bölgənin sosial-iqtisadi infrastrukturu ciddi zərər görmüşdü. Uzun illər ərzində qubadlılılar doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar. Bu dövrdə Qubadlının taleyi Azərbaycanın ümummilli məsələsi kimi daim diqqət mərkəzində saxlanıldı. Rayonun azad olunması xalqın tarixi yaddaşında xüsusi yer tutan milli məqsədlərdən birinə çevrildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. Ulu Öndər müstəqil Azərbaycanın siyasi və iqtisadi əsaslarının möhkəmləndirilməsinə, milli birliyin qorunmasına və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Onun uzaqgörən siyasəti nəticəsində dövlət institutlarının formalaşdırılması, iqtisadi sabitliyin təmin olunması və milli maraqlara əsaslanan xarici siyasət kursunun müəyyənləşdirilməsi üçün mühüm zəmin yaradıldı. Bu strateji xətt sonrakı mərhələdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlmiş siyasətin əsas dayaqlarından birinə çevrildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi tarixində yeni mərhələnin əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında yüksək peşəkarlıq, əzmkarlıq və strateji hazırlıq nümayiş etdirdi. Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi hərbi əməliyyatların gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Qubadlının azadlığı Laçın istiqamətində irəliləyiş üçün əlverişli imkanlar yaratdı və Azərbaycanın Zəfər yürüşünün davamına ciddi təsir göstərdi. Bu qələbə dövlət rəhbərliyinin siyasi iradəsi ilə Azərbaycan əsgərinin qəhrəmanlığının və xalqın birliyinin vəhdətini nümayiş etdirdi.
Qubadlının azad edilməsi Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü xarici siyasətin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin və ordu quruculuğu strategiyasının əhəmiyyətini bir daha təsdiqlədi. Dövlət başçısı Azərbaycanın milli maraqlarını beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə etməklə yanaşı, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə də xüsusi diqqət yetirdi. İqtisadi potensialın artırılması, müasir silahlı qüvvələrin formalaşdırılması və milli birliyin möhkəmləndirilməsi tarixi Zəfərə aparan prosesin mühüm komponentləri idi. Bu baxımdan Qubadlının azadlığı təkcə hərbi nailiyyət deyil, həm də müstəqil dövlətin strateji hədəflərinə çatmaq əzminin göstəricisidir. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını ucaltması isə dövlət suverenliyinin bərpasının rəmzi hadisələrindən biri kimi tarixə düşdü.
Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, iqtisadi potensialının yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda yol-nəqliyyat infrastrukturunun, elektrik təchizatı sisteminin, sosial obyektlərin və yaşayış məhəllələrinin yaradılması istiqamətində işlər həyata keçirilir. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması, Qubadlı şəhərində yaşayış və inzibati binaların, məktəb və xəstəxana komplekslərinin inşası bölgənin gələcək inkişafına hesablanmış tədbirlərdir. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın 2025-ci il sentyabrın 9-da təsdiqlənməsi də şəhərin uzunmüddətli və planlı inkişafı baxımından mühüm addımdır. Bu layihələr Böyük Qayıdışın real məzmununu təşkil etməklə yanaşı, azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasına xidmət edir.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla hər il oktyabrın 25-nin Qubadlı Şəhəri Günü kimi qeyd edilməsi bu tarixi hadisənin milli yaddaşda əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Qubadlı yalnız hərbi Zəfərin simvolu deyil, həm də Azərbaycanın dövlətçilik iradəsinin, milli həmrəyliyinin və gələcəyə inamının təcəssümüdür. Qubadlı sakinlərinin doğma torpaqlarına qayıtması, şəhərin və kəndlərin yenidən qurulması, tarixi-mədəni irsin qorunması qarşıya qoyulan strateji məqsədlərin mühüm tərkib hissəsidir. Beləliklə, 25 Oktyabr – Qubadlı Şəhəri Günü keçmişin ağrılarını Zəfər qüruru ilə birləşdirən, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini əks etdirən əlamətdar tarixdir. Bu günün mahiyyəti Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının, eləcə də azad edilmiş torpaqlarda davamlı inkişafın təmin olunmasının əhəmiyyətini bir daha ön plana çıxarır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB