Qubadlının dirçəlişi: tarixi Zəfərdən Böyük Qayıdışa doğru

Qubadlının dirçəlişi: tarixi Zəfərdən Böyük Qayıdışa doğru

25 oktyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, dövlətimizin gücünü və torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin qələbə ilə nəticələndiyini nümayiş etdirən əlamətdar günlərdən biridir. Bu tarix Qubadlı şəhərinin işğaldan azad olunmasının rəmzi olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru atılan mühüm addımlardan birini təcəssüm etdirir. Bu gün Qubadlı şəhəri günü yalnız keçmişdə qazanılmış tarixi Zəfərin qeyd edilməsi deyil, həm də azad edilmiş torpaqlarda yeni həyatın qurulmasının, doğma yurda qayıdışın və gələcəyə inamın ifadəsidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlının azad olunmasının əhəmiyyətini vurğulayaraq səsləndirdiyi fikirlər bu tarixi hadisənin mahiyyətini aydın ifadə edir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu sözlər həm xalqımızın uzun illər davam edən yurd həsrətinin sona çatmasını, həm də Azərbaycanın öz tarixi torpaqlarında suverenliyini bərpa etmək əzmini əks etdirir.
Qubadlı rayonunun coğrafi mövqeyi, təbii sərvətləri və təsərrüfat imkanları onun Azərbaycanın iqtisadi və sosial həyatında mühüm yer tutduğunu göstərir. Qarabağ yaylasının cənub-şərqində yerləşən rayonun ərazisi 802 kvadratkilometrdir. Həkəri və Bərgüşad çayları, münbit düzənlikləri, meşələri və faydalı qazıntı ehtiyatları Qubadlının böyük inkişaf potensialını müəyyənləşdirir. İşğaldan əvvəl burada taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıq geniş yayılmışdı. Rayonun kənd təsərrüfatı ənənələri, təbii ehtiyatları və əlverişli coğrafi mövqeyi onun gələcək iqtisadi inkişafı üçün də mühüm zəmin yaradır.
1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. Qubadlının işğal edilməsi rayonun tarixi inkişafına ağır zərbə vurdu. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu, yaşayış məntəqələri, sosial obyektlər və iqtisadi infrastruktur dağıdıldı. İşğal nəticəsində 29 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşdı. Rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Bu dağıntılar yalnız maddi itkilərlə məhdudlaşmırdı: onlar insanların həyatına, ailələrin taleyinə, milli-mədəni irsə və bütövlükdə rayonun sosial-iqtisadi inkişafına ciddi təsir göstərirdi.
25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi, Qubadlının azad edilməsi isə Azərbaycanın hərbi qüdrətinin, ordumuzun peşəkarlığının və xalqımızın birliyinin təntənəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu xüsusi peşəkarlıq və fədakarlıq göstərərək mürəkkəb döyüş şəraitində irəliləyərək ilk növbədə, şəhərə hakim olan yüksəklikləri, ətrafda yerləşən kəndləri, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndlərini götürdü və strateji yüksəkliklər ələ keçirildi. Oktyabrın 25-də Qubadlı şəhəri işğalçı qüvvələrdən azad edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabrın Qubadlı şəhəri günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin mühüm ifadəsidir.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Qubadlının azadlığına aparan yol Azərbaycan xalqının öz torpaqlarına qayıtmaq iradəsinin, dövlətimizin qətiyyətli siyasətinin və Silahlı Qüvvələrimizin fədakarlığının nəticəsi idi. Bu Qələbə bir daha göstərdi ki, milli maraqların qorunması, güclü ordu quruculuğu və dövlət-xalq birliyi Azərbaycanın strateji uğurlarının əsasını təşkil edir. Bu gün Qubadlıda aparılan bərpa-quruculuq işləri həmin tarixi Zəfərin məntiqi davamı kimi çıxış edir.
İşğaldan sonrakı dövrdə qarşıda duran əsas vəzifə azad edilmiş ərazilərin təhlükəsizliyinin, dayanıqlı infrastrukturunun və iqtisadi həyatının bərpasıdır. Qubadlıda həyata keçirilən layihələr də məhz bu məqsədə xidmət edir. Prezident İlham Əliyevin azad edilmiş rayona səfərləri zamanı yol, enerji, təhsil, səhiyyə və yaşayış infrastrukturu ilə bağlı layihələrə xüsusi diqqət yetirilib, bir sıra obyektlərin təməli qoyulub, mühüm infrastruktur layihələri həyata keçirilib.
Bu istiqamətdə atılan addımlardan biri 2021-ci il oktyabrın 25-də 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasının istifadəyə verilməsi oldu. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib. Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. Xətt boyunca fiberoptik kabel infrastrukturunun yaradılması isə Qubadlının rəqəmsal rabitə imkanlarının genişləndirilməsinə şərait yaratdı. Bu layihələr şəhərin gələcək yaşayış, istehsal və xidmət ehtiyaclarının qarşılanması baxımından strateji əhəmiyyət daşıyır.
Qubadlının uzunmüddətli inkişafının planlı şəkildə təmin edilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci il tarixli 249 nömrəli Qərarı ilə “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. Bu göstəricilər gələcək inkişafın miqyasını və qabaqlayıcı infrastruktur planlaşdırmasının əhəmiyyətini ortaya qoyur.
Cari il iyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılması Böyük Qayıdış prosesinin mühüm mərhələsidir. Layihəyə əsasən, 3,34 hektar ərazidə 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda 176 mənzil yerləşəcək. Bu layihə şəhər mühitinin yenidən formalaşdırılması, ailələrin rahat yaşayışı üçün müasir şəraitin yaradılması və sosial həyatın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Yaşayış məhəlləsinin qurulması Qubadlının yalnız fiziki baxımdan yenidən tikilmədiyini, burada gələcək şəhər həyatının əsaslarının da yaradıldığını göstərir.
Kəndlərin bərpası istiqamətində Mahruzlu və Zilanlıda görülən işlər də diqqətəlayiqdir. Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur. Qubadlı rayonunun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən ərazisi isə 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Bu layihələr kənd təsərrüfatı ənənələrinin bərpası, ailə təsərrüfatlarının inkişafı və kəndlərdə sosial həyatın yenidən canlandırılması üçün imkanlar yaradır.
Qubadlının gələcək inkişafında nəqliyyat infrastrukturunun yenilənməsi də mühüm yer tutur. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir. 28,5 kilometr uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun inşa edilir. Qubadlı–Eyvazlı avtomobil yolunun tikintisi rayonun kəndləri arasında əlaqələrin yaxşılaşdırılmasına, əhalinin hərəkət imkanlarının genişləndirilməsinə və regionun iqtisadi əlaqələrinin gücləndirilməsinə xidmət edir. 28,5 kilometr uzunluğunda nəzərdə tutulan yolun inşası ərazidə nəqliyyat əlçatanlığının artırılması baxımından əhəmiyyətlidir.
2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb. Bu cür layihələr Qubadlının regional nəqliyyat şəbəkəsinə inteqrasiyasını gücləndirməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına imkan yaradır.
Bütün bu işlərin əhəmiyyəti yalnız tikilən binalar, çəkilən yollar və yaradılan texniki infrastrukturla ölçülmür. Əsas məqsəd doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtması, burada daimi yaşayışın, məşğulluğun və sosial rifahın təmin edilməsidir.
25 oktyabrın tarixi əhəmiyyəti bu gün daha geniş məzmun daşıyır. Bu gün Qubadlının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığının və uzun illər doğma yurd həsrəti ilə yaşamış insanların arzularının təcəssümüdür. Eyni zamanda, azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın öz gələcəyini müstəqil müəyyənləşdirən, milli maraqlarını qətiyyətlə qoruyan və inkişafını uzunmüddətli hədəflər əsasında planlaşdıran dövlət olduğunu nümayiş etdirir.
Qubadlının dirçəlişi tarixi Zəfərlə müasir inkişaf strategiyasının bir-birini tamamladığı mühüm prosesdir. İşğaldan azad olunmuş torpaqlarda yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun qurulması və iqtisadi həyatın bərpası qələbənin real nəticələrini insanların gündəlik həyatında hiss etdirməyə yönəlib. Bu prosesin uğuru dövlətin ardıcıl siyasəti, yerli potensialdan səmərəli istifadə, müasir planlaşdırma və insanların doğma torpaqlarına qayıdışının davamlı təmin olunması ilə daha da möhkəmlənəcək.
Bu gün Qubadlı keçmişin ağrılı xatirələrindən gələcəyin quruculuğuna doğru inamla irəliləyir. 25 oktyabr tarixi xalqımızın yaddaşında yalnız azadlıq günü kimi deyil, həm də milli birliyin, dövlət qüdrətinin və dirçəliş əzminin rəmzi kimi yaşayır. Qubadlının yenidən qurulması Azərbaycanın Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsi olmaqla, azad edilmiş torpaqlarda həyatın bərpasına, regional inkişafın genişlənməsinə və gələcək nəsillər üçün möhkəm təməlin yaradılmasına xidmət edir. Qubadlının dirçəlişi Zəfərin quruculuğa, qayıdışın yeni həyata, milli iradənin isə davamlı inkişafa çevrilməsinin parlaq təzahürüdür.

Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, dosent

Bütün xəbərlər Facebook səhifəmizdə