“Prezidentin çıxışı hər birimiz üçün bir növ yol xəritəsidir” - Vüqar İskəndərov
“Yeni Azərbaycan Partiyasının VIII qurultayında partiyamızın sədri, cənab Prezidentin dəyərli və məzmunlu çıxışı bir çox məsələləri əhatə etdi. Ən önəmli məqamlardan biri Prezidentin partiya üzvlərinin fəallığına, onların ölkəmizin sosial, siyasi və iqtisadi inkişafında mühüm roluna, həmçinin Azərbaycanın daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlara və qarşıda duran vəzifələrə geniş yer verməsi idi. Hesab edirik ki, bu çıxış hər birimiz üçün bir növ yol xəritəsidir”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov SİA-ya açıqlamasında deyib.
O bildirib ki, qurultayda diqqət çəkən əsas məsələlərdən biri Azərbaycanın artan gücüdür. Onun sözlərinə görə, ölkə müxtəlif istiqamətlərdə inkişaf edir, sosial sahədə islahatlar həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır.
V.İskəndərov qeyd edib ki, Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır. Onun sözlərinə görə, sərhədlərdə müəyyən problemlərin mövcudluğuna baxmayaraq, Azərbaycanın müstəqil siyasət yürütməsi və inkişafını davam etdirməsi qurultayda səsləndirilən fikirlərdə bir daha aydın şəkildə ifadə olunub.
Deputat vurğulayıb ki, qurultayda səsləndirilən fikirlər Yeni Azərbaycan Partiyasının qarşıya qoyulan hədəflərə doğru irəlilədiyini göstərir.
“Məqsədimiz aydındır: Azərbaycanın hərtərəfli inkişafının təmin edilməsi və partiya üzvlərinin fəallığının daha da artırılmasıdır. VIII qurultaydan sonrakı dövrdə VII qurultaydan ötən müddətdə görülmüş işlər daha da genişləndiriləcək və ölkəmizin hərtərəfli inkişafında Yeni Azərbaycan Partiyası və onun üzvləri öz töhfələrini verməyə davam edəcəklər”, - deyə V.İskəndərov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB