Bugünkü gün Azərbaycanın gələcək inkişafı baxımından mühüm mərhələdir. Ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirilən siyasət və müxtəlif sahələrdə aparılan islahatlar Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
Deputat bildirib ki, YAP-ın VIII qurultayı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, ölkənin ictimai-siyasi həyatında qarşıya çıxan yeni çağırışların müzakirəsi və qarşıdakı dövr üçün əsas hədəflərin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bahar Muradova qeyd edib ki, müasir dövrdə texnoloji inkişaf, iqtisadi proseslər və ictimai münasibətlər sürətlə dəyişir. Onun sözlərinə görə, bu dəyişikliklər fonunda siyasi təşkilatların fəaliyyətini yeni tələblərə uyğun qurması vacibdir.
Deputat vurğulayıb ki, YAP qarşıdakı mərhələdə idarəetmə və təşkilati fəaliyyətin daha səmərəli qurulmasına, müasir texnologiyalardan istifadənin genişləndirilməsinə və ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə diqqət yetirməlidir.
O bildirib ki, partiya strukturlarının fəaliyyətinin səmərəliliyinin artırılması, qəbul edilən qərarların icrasına nəzarətin gücləndirilməsi və davamlı inkişafın təmin olunması mühüm vəzifələrdəndir. Eyni zamanda operativlik, şəffaflıq və hesabatlılıq prinsiplərinin daha geniş tətbiqinin partiyanın fəaliyyətinin ictimaiyyətə daha aydın təqdim olunmasına xidmət edə biləcəyini qeyd edib.
Bahar Muradova maliyyə və təşkilati məsələlərdə şəffaflığın təmin edilməsinin, resurslardan səmərəli istifadə olunmasının və israfçılığın qarşısının alınmasının da diqqətdə saxlanılmalı olduğunu bildirib.
Deputatın sözlərinə görə, qarşıdakı dövrdə partiyadaxili münasibətlərin daha açıq, aydın və sistemli şəkildə qurulması, üzvlər arasında əməkdaşlığın gücləndirilməsi və yeni yanaşmaların tətbiqi də əsas istiqamətlərdən biri olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB