Yeni Azərbaycan Partiyasının VIII Qurultayından 1990-cı illərə baxış

Yeni Azərbaycan Partiyasının VIII Qurultayından 1990-cı illərə baxış

Prezident cənab İlham Əliyev: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda çox mürəkkəb iqtisadi, ictimai-siyasi vəziyyət hökm sürürdü. Bir tərəfdən də Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə ölkəmizə qarşı hərbi təcavüzə başlamışdı. Azərbaycanın ovaxtkı rəhbərliyinin səriştəsizliyi və xəyanətkarlığı, öz vəzifələrini qorumaq üçün sovet rəhbərliyinə yaltaqlanmaları qarşıda xalqı çətin anların gözlədiyindən xəbər verirdi. Sovet rəhbərliyinin bütün bunlardan istifadə etməklə ermənipərəst siyasətini aktivləşdirməsi qonşuluqda məqam gözləyən ermənilərə öz murdar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yaradırdı.

Həmin vaxt ölkəmizin Ermənistanla sərhədboyu rayonları ermənilər tərəfindən mütəmadi olaraq atəşə tutulurdu. Eyni zamanda Naxçıvan Muxtar Respublikasına qarşı da ermənilər ərazi iddiası ortalığa atmış, kommunikasiyaları kəsməklə Naxçıvanı blokada vəziyyətinə salmışdılar.

Məhz belə bir vaxtda -1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin doğulub böyüdüyü Naxçıvana gəlməsi muxtar respublikanı başı üzərini almış təhlükədən, bu qədim diyarı erməni işğalından, muxtariyyətini ləğv olunmaq təhlükəsindən xilas etməklə yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda azadlıq hərəkatının başlanması, Ulu Öndərin xalqın xilaskarı kimi milləti böyük bəlalardan qurtarması, müstəqilliyimizin qorunması, daimiliyi ilə nəticələndi.

Ümummilli Liderimizin Azərbaycana, xalqımıza, onun müstəqilliyinə bəslədiyi məhəbbət fonunda ərazi bütövlüyümüzün bərpası, ölkəmizin inkişafı üçün həyata keçirdiyi misilsiz xidmətlər bu gün öz bəhrəsini verib. Bunu hər bir vətəndaş görür və qürur duyur. 21 noyabr 2022-ci ildə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə partiyanın yaranması tarixinə nəzər salan dövlət başçısının çıxışında da bu məqamlar öz əksini tapmışdı: Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur "91-lər" öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransını tarixi hadisə adlandıran dövlətimizin başçısı deyirdi: Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət.

Heydər Əliyev tək çıxış yolu idi

1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində Azərbaycanın xilası üçün xalqın ziyalı nümayəndələri Ümummilli Lideri tək çıxış yolu olaraq görürdülər. Çünki ona inanır və böyük ümid bəsləyirdilər. Dövlət başçısının dediyi kimi: Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Məhz onun rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir. Eyni zamanda, Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər. Xalqımızın Heydər Əliyevə inamı, yenə də deyirəm, misilsiz idi. Xüsusilə xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir.

Onun birinci dəfə Azərbaycanda hakimiyyətdə olduğu dövrdə gördüyü işlər, dövlətimizin başçısının da vurğuladığı kimi, həmin dövrdə Qarabağda separatist qüvvələrin baş qaldıra bilməməsi bu inamı daha da möhkəmlətmişdi. Bu fikri Yeni Azərbyacan Partiyasının bu gün öz işinə başladığı VIII qurultayında da dövlət başçısı bir daha vurğulayıb: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın.

Tarixin 1993-cü ildən açılan yeni səhifəsi

YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyevin xalqın tələbi ilə Bakıya dəvət edilməsi, parlamentin sədri seçilməsi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə tariximizin o qara səhifəsi bağlanmışdır. Və biz bağlanan o qara səhifədən sonra başlanan tariximizin parlaq səhifələri ilə bu gün fəxr edir, qürur duyuruq.

1993-cü ildən qarşımızda yeni bir səhifə açıldı. Bu səhifə Böyük Heydər Əliyevin dəst-xətti ilə yazılmağa başlandı. Elə bir səhifə ki, acılması ilə xalqın taleyini dəyişdi: təhlükədə olan müstəqilliyimizin əbədiliyinə əsas yarandı, ölkəmiz hərtərəfli inkişafa qədəm qoydu, dünyada tanındı. Azərbaycanda yeni bir Azərbaycan qurulmağa başlandı. Və əsası isə odur ki, Qarabağ problemi bir saniyə da unudulmadı, torpaqlarımızın nə vaxtsa işğaldan azad edilməsi üçün real imkanlar yaradıldı.

Bu barədə Prezident İlham Əliyevin dəyərli və yaddaqalan, bütün nəsillərə nümunə olan fikirlərini dinləmək kifayətdir: Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.

Qürur duyuruq!

Bu gün YAP-ın VIII qurultayı suveren ölkəmizdə keçirilir. Hansı ki, bu partiya yarandığı illərdə ölkəmizdə sabitlik yox idi, torpaqlarımız bir-birinin ardınca işğal olunurdu, hər an düşmən təxribatı baş verirdi. Ölkədə iqtisadi tənəzzül hökm sürürdü. Bu gündən o illərə nəzər saldıqda 30 ildən artıq dövrdə xalqın tarixinə yazılan hər anı aydın görmək mümkündür. Lakin artıq nə dövr o dövrdür, nə də xalqın rifahı o dövrküdür. Biz böyük Heydər Əliyevin və onun siyasi davamçısı Prezident İlham Əliyevin xalqa sevgisi, dövlətə məhəbbəti və uzaqgörənliyi sayəsində artıq dünyanın tanıdığı, ehtiram bəslədiyi, əməkdaş, tərəfdaş olmaq istədiyi bir dövlətik. Bütün bunlarla qürur duyuruq!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə