Uğurlu qadının nailiyyətlərinin arxasında niyə səbəb axtarılır? - PSİXOLOQ AÇIQLADI

Uğurlu qadının nailiyyətlərinin arxasında niyə səbəb axtarılır? - PSİXOLOQ AÇIQLADI

Azərbaycanda uğurlu karyera quran, biznesdə tanınan və ya dövlət qurumlarında yüksək vəzifələrə yüksələn qadınlarla bağlı cəmiyyətdə bəzən peşəkarlıqdan çox onların şəxsi həyatı müzakirə olunur. Hətta belə qadınların əldə etdiyi mövqelərin arxasında mütləq imkanlı və ya nüfuzlu kişi olduğu, "sevgilisi hesabına irəlilədiyi" kimi əsassız iddialar səsləndirilir. Halbuki psixologiya və gender araşdırmaları qadınların xüsusilə ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi sahələrdə uğur qazandıqda əlavə sosial stereotiplərlə üzləşə bildiyini göstərir. Araşdırmalarda uğurlu qadınların eyni uğuru göstərən kişilərlə müqayisədə daha çox şəxsi mühakiməyə məruz qala bildiyi də qeyd olunur. Bəs niyə cəmiyyət qadının zəhməti, təhsili, bacarığı və peşəkarlığı əvəzinə onun şəxsi münasibətlərini uğurunun səbəbi kimi görməyə meyllidir?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, qadın karyera qurarkən həmişə onun haqqında bu cür söhbətlərin yaranması baş verir:

“Bunun əsas səbəblərindən biri odur ki, biz hər zaman kişini karyera quran, qadını isə ailəyə, uşağa yönələn biri kimi görməkdən daha çox zövq alırıq.

Bir cəmiyyət olaraq bu yanaşma mövcuddur. Çünki sanki bir kişi daha rahat şəkildə deyir ki, “Mənim arvadım evdə oturub, uşaqları ilə məşğuldur, mən nə lazımdırsa edirəm”. Bunun içərisində sosial müqayisə və qısqanclıq da baş verir. Çünki başqasının sürətli uğurunu, daha rahat şəkildə həyatda addımlamasını, yaradıcılığını görən insan həmin uğuru kiçiltmək istəyir.

Bu isə insanı psixoloji müdafiəyə keçirə bilir. İnsan artıq özünü psixoloji olaraq müdafiə etmək istəyir. Bunun üzərindən deyilən hər sözə, indiki zamanda isə daha çox informasiya yollarına — kiminsə sosial şəbəkədən yazmasına, “Xəbərin var, sənin haqqında belə deyirlər” kimi sözlərə rast gəlirik.

Bəzən də görürsünüz ki, bir qadının əzab-əziyyətlə əldə etdiyi uğurun və inkişafının qarşısını almaq üçün emosional yüklənmə yaradılır, nəsə danışılır. Bunun içərisində biz baxırıq ki, qadının peşəkar nailiyyətini onun romantik münasibəti ilə izah etmək qadının peşəkar kimliyini ikinci plana keçirir. Yəni burada artıq seksualizasiya baş verir.

İnsanlar böyük nəticənin arxasında sadə görünməyən bir səbəb axtarırlar. “Sevgilisi var” demək istədikləri zaman əslində qadının birbaşa karyera uğuru ilə onun sevgilisinin olub-olmaması arasında avtomatik olaraq səbəb-nəticə əlaqəsi yoxdur. Sadəcə bu, emosional yüklənmə olaraq dillərdə bir dastana çevrilir, insanlar arasında danışılmağa başlayır.

Psixoloji baxımdan maraqlı tərəf bundan ibarətdir ki, qadının uğurunu qəbul etmirsənsə, onun uğurunun arxasında bir kişi axtarılır. Çox təəssüflər olsun ki, bu fikri məhz qadınlar da səsləndirirlər.

Çünki bir kişi ağıllı qadınla oturarkən artıq onun düşüncəsində belə bir fikir formalaşır: “Bu qadının ağlı var, bu qadının dediklərinə əsaslanaraq mən sabah investisiya qoyub hər hansı bir işdə uğur qazana bilərəm”. Yəni kişi həmin an qadının ağlından istifadə edir.

Amma çox təəssüflər olsun ki, bəzən bəzi insanlar qadının ağlını öz seksual istəkləri ilə barter edirlər. Çünki zamanla bunları da görmüşük, belə hallar baş verdiyinə görə bəzi insanlarda bu yanaşma formalaşıb.

Amma indiki cəmiyyət üçün, indiki yetişən gəncliyin ağlı və düşüncəsi üçün burada artıq biz baxırıq ki, 24 yaşında bir qız da var, oğlan da var. Qızın qurduğu karyera daha uğurludur və hələ ki, onun arxasında heç kim dayanmayıb.

Bir valideyni onun arxasında dayanıb, onun üçün investisiya qoyub, ali məktəbə hazırlığına pul verib. Daha sonra qız özü üzərində işləyib və bu da ona gətirib çıxarıb ki, “Mənim artıq öz karyeram var. 24 yaşında, deyək ki, 1200 manatdan artıq əməkhaqqı alıramsa, heç işləməyən oğlanla niyə ailə qurmalıyam?”

Görürsünüz, münasibətlər bir mövzudan zəncirvari şəkildə digər mövzuya keçir. Yəni bir mövzunun içərisində artıq bir neçə mövzunun şaxələnərək bir-birinə zəncir kimi bağlandığını görə bilirik.

Bunun da səbəbinin psixoloji izahını verdiyimə görə güman edirəm ki, bundan sonra qadınlar haqqında bu düşüncə formalaşmaz. Çünki səhərdən axşama qədər, əgər bugün şəxsən mən özümü deyirəmsə, psixoloq Əl Əkbər olaraq yetişmişəmsə, nəzəriyyə və təcrübəyə əsasən özümü inkişaf etdirərək bu nöqtəyə gəlmişəmsə, burada heç bir investisiya yoxdur ki, deyəsən, kimsə nəsə edib.

O cümlədən də bizim inkişaf edən qadınlarımız haqqında.

Qadın var ki, ailəsini qoyub bölgələrimizdə hər hansı bir yeri idarə edir ki, yenə ailəsinə nəsə göndərsin. Təbii ki, onun həyatında kimsə olsa, oturub rahat şəkildə bir yerdə yaşayardı.

Bu baxımdan əslində uğurlu qadınları, karyera quran qadınları daha çox alqışlamalıyıq. Çünki onlar özləri hesabına ayaqda olan qadınlardır.

Əksinə, bəzən də görürük ki, müəyyən bəylər belə o qadının ağlından istifadə edirlər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə