Toy süfrələrində zəhərlənmə riski: qidalar nə qədər müddət masada qala bilər? - MÜTƏXƏSSİS AÇIQLADI
Toy və digər kütləvi tədbirlərdə çox sayda yeməyin əvvəlcədən hazırlanması, uzun müddət süfrədə saxlanılması və isti havalarda temperatur rejiminin pozulması qida zəhərlənməsi riskini artıra bilər.
Bəs, toy və kütləvi tədbirlərdə qida zəhərlənmələrinin qarşısını almaq üçün yeməklərin hazırlanması, daşınması və saxlanılması zamanı hansı qaydalara əməl edilməlidir, eyni vaxtda bir neçə şəxsdə zəhərlənmə əlamətləri yarandıqda hansı qidalardan şübhələnmək və ilk növbədə hansı tədbirləri görmək lazımdır?
Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, şadlıq saraylarında ekonomik və praktik üsulla böyük kütlələri qısa vaxt çərçivəsində qidalandırmaqla bağlı olan yollar və texnoloji resepturalar öz işini görür:
“Bu zaman qida təhlükəsizliyi ilə bağlı bir sıra vacib məqamlara riayət etmək lazımdır. Burada həm hazır qida məhsullarında isti qidaların, həm də soyuq qidaların, yəni soyuq qəlyanaltıların çatdırılması və salatların verilməsi zamanı bir sıra məqamlara riayət olunmalıdır.
Əsasən zəhərlənmələr riskli qida məhsullarından ərsəyə gəlir. Balıq ətindən, toyuq ətindən, mal ətindən, süd və süd məhsulları ilə hazırlanan salatlardan və digərlərindən. Ona görə də isti qidaları təmin edən zaman, bişirmə prosesində isti qida, istər mal əti, istər qoyun əti, 75 dərəcə Selsi temperaturunda 2 dəqiqə müddətində bişmiş olmalıdır ki, onda baş verə biləcək mikrobioloji çirklənmələr aradan qalxsın və bakteriyaların çoxalması, inkişafı dayansın.
Bir digər məqam beynəlxalq yanaşmada “danger zone”, yəni təhlükə zonası kimi adlandırılan müsbət 5 və müsbət 60 dərəcə Selsi aralığıdır. Bu temperatur aralığında qida qətiyyən təklif olunmamalı, servis edilməməlidir. Bu, bakteriyaların çoxalması üçün əlverişli mühitdir. Ona görə həmin temperatur aralığında qida istifadə olunmamalı və servis edilməməlidir.
Bundan əlavə, hazırlanmış isti qidaların, yəni soyuq qidaların iki saat ərzində istehlakı tövsiyə olunur. Bu, qidanın qəbulu üçün ən uyğun temperatur aralığıdır və həmin şəraitdə istehlak edilməsi daha məqsədəuyğundur.
Soyuq qidaların saxlanması üçün temperatur 0 və müsbət 5 dərəcə Selsi aralığında olmalıdır. Bu temperatur aralığında saxlanılan qida hər hansı bakterial çirklənməyə məruz qalmır.
Əfsuslar olsun ki, ən çox rast gəlinən nöqsanlardan biri məhsullar hazırlandıqdan sonra otaq temperaturunda saxlanılması, günəş işığı ilə təmasda olması və masaların üzərinə əvvəlcədən düzülməsidir. Hətta bəzən qidalar bir saat əvvəlcədən masaların üzərində qalır. Bu da onun həm keyfiyyət göstəricilərinə, yəni “quality”, həm də təhlükəsizlik göstəricilərinə, yəni “safety” təsir edir və zəhərlənmə hallarının çoxalmasına səbəb olur.
Tövsiyələrimizdən biri də odur ki, zəhərlənmə hadisəsi baş verən zaman həmin şadlıq sarayında və xeyir tədbirinin keçirildiyi məclisdə mütləq ictimai iaşə müəssisəsinin tibbi yardımla bağlı təlim keçmiş bir nümayəndəsi olmalıdır. O, dərhal çağırılır və həkimlər, təcili yardım gələnə qədər ilkin yardım göstərilir.
Bununla bağlı hər hansı qida, süd məhsulları içirtmək, ishal yaratmaq düzgün deyil və qusmağa məcbur etmək də yolverilməzdir. Peşəkar həkim tövsiyəsi alınmalı və həkim tərəfindən peşəkar dəstək göstərilməlidir.
Ürəkbulanma, bədəndə üşütmə, ani soyuq tər basması, mədə bulanmasının şiddətlənməsi artıq zəhərlənmə əlamətlərini göstərə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB