Məktəblərdə əlavə kitab və iş dəftərləri ilə bağlı narazılıq artır, dərslik bəs etmir? - EKSPERT AÇIQLADI
Məktəbli çantalarının həddindən artıq ağır olması ilə bağlı narazılıqlar son vaxtlar yenidən gündəmə gəlib. Xüsusilə bəzi məktəblərdə şagirdlərdən dərsliklərlə yanaşı əlavə vəsaitlər tələb olunması çantaların çəkisinin artmasına səbəb olur.
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, bu yanaşma hər məktəbdə fərqlidir:
“Bəzi məktəblər dərsliklərə əlavələr tələb edir, bəziləri isə yox.
Əsasən, ənənəvi təhsildən gələn müəllimlər əlavə tələblər qoyurlar. Amma yeni nəsil müəllimlər həm kurikulum sisteminə uyğunlaşıb, həm də yeni qaydalarla idarə olunur. Ona görə də onlar dərsliklər üçün əlavə vəsaitlərə ehtiyac görmürlər.
Əgər bu gün biz məktəbli çantalarının yüngüllüyündən, ağırlığından danışırıqsa, o halda müəyyən addımların tərkib hissəsi kimi dərsliklərə əlavələr məsələsi də var. Bunlar ilk növbədə həll edilməli məsələlərdir. Ona görə də valideynlər arasında haqlı olaraq narazılıq artıb.
Belə təşəbbüslər var ki, şagirdlər bəzi hallarda elektron dərsliklərdən istifadə etməklə ağır kitabları evə daşımasınlar. Beynəlxalq təcrübədə belədir ki, ibtidai siniflər üçün xüsusi şkaflar hazırlanır. Bəzi dərslik və vəsaitləri həmin şkaflarda saxlamaqla, elektron PDF versiyasındakı dərslərlə evdə məşğul olurlar.
Ona görə də Azərbaycanda bəzi məktəblərin, xüsusilə qeyd etdiyim kimi, ənənəvi təhsili davam etdirmək həvəsində olan müəllimlərin dərsliklərə əlavələri artırması artıq yolverilməz bir haldır və bu, məcburi deyil.
Bu məsələ ilə bağlı dəfələrlə həm Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, həm Elm və Təhsil Nazirliyi, həm aidiyyəti idarələrin rəhbərləri, həm də regional idarələr açıqlama veriblər. Amma təəssüflər olsun ki, bəzi hallarda bu, məktəb direktorlarının ayrı-ayrı mağazalarla iş birliyinin nəticəsində baş verir. Artıq şagirdləri bu işə sövq etmək və məcbur etmək halları var ki, dərsliklər üçün əlavə vəsaitlər də alınmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB