İkitərəfli əlaqələrin dinamik inkişafı

“Belarus Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfəri dövlətlər arasında əlaqələrin inkişafında mühüm töhvə hesab edilir. Prezident İlham Əliyevin və Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi birgə bəyanatında əlaqələrin xarakterindən, qarşıda duran vəzifələrdən və bir çox sahələri əhatə edən məsələlərdən bəhs edildi.” SİA xəbər verir ki, bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev bildirib ki, ölkələrmiz arasında diplomatik əlaqələr 1993-cü il 11 iyunda qurulub: “İkitərəfli əlaqələr əsasən Prezident İlham Əliyevin hakimiyyəti dönəmində yeni inkişaf mərhələsinə qədəm qoyub. 2 tərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə dövlətlərimiz arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Bu xüsusda Belarus Prezidentinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqlar, keçirilən görüşlər dövlətlərimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirmış oldu”.

YAP Abşeron rayon təşkilatının sədri qeyd edib ki, Belarus və Azərbaycan arasında qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlərin görülməsi ilə bağlı qərarlar mövcuddur: “Əlaqələrin dinamikasına uyğun olaraq qarşıda duran vəzifələr də kifayət qədər konkret xarakterə malikdir. Sənaye kooperasiyası, ölkələrimizin birgə istehsalla bağlı mövcud potensialı daha da artırmaqla bağlı da planları vardır. Maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyatda əlaqələrin inkişafı ilə bağlı konkret hədəflər var. Bütün bu əlaqələr isə, Belarus və Azərbaycan arasında iqtisadiyyatların inkişafı üçün praktiki əhəmiyyət daşıyır. Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərdə iştirakı olduqca əhəmiyyətli bir addımdır. Prezident İlham Əliyev də birgə mətbuat konfransında işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərindən bəhs edib. Cənab Prezident qeyd edib ki, Ermənistanın işğalı nəticəsində ərazidə hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”.

Abbas Əliyev hesab edir ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko dövlətimizə rəsmi səfərində imzalanmış vacib sənədlər münasibətlərin yeni müstəviyə yüksəlməsində vacib rola malikdir: “Belarus Respublikasının Prezidenti də mətbuata verdiyi bəyanatında Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib. “Hər şeydən əvvəl Azərbaycan özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq”. Vurğulanıb ki, Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Prezident İlham Əliyevin timsalında Azərbaycanın güclü, normal lider dövlətə çevrildiyi bildirilib. Sözsüz ki, Belarus Prezidentinin işğaldan azad edilmiş ərazilərə gedişi tarixi hadisə idi. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanında qarşılanması xalqımızın yaddaşına həkk olunacaq hadisələrdən biri oldu”.

Bütün xəbərlər Facebook səhifəmizdə