Münasibətlərimizin gələcək inkişafının yol xəritəsi mövcuddur

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Xarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Azərbaycan yeni dostlar və tərəfdaşlar qazanmaqla yanaşı, mövcud ikitərəfli əlaqələrə də əlavələr edir və yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə səy göstərir. Mayın 16-17 tarixlərində Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəmizdə dövlət səfərində oldu. Zəngin tarixə malik olan iki ölkənin əlaqələri qarşılıqlı etimad əsasında bugünədək uğurla inkişaf edir və gələcək üçün böyük potensiala malikdirlər. Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri, eyni zamanda, mətbuata birgə bəyanatları bütün bu məqamlara işıq saldı.

Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında belə bir əminliyi ifadə etdi ki, gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir. Ölkə Prezidenti işğallan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı bəhs etdi və bu məqamı qeyd etdi ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik: “Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, - bu barədə də danışdıq, - aqroşəhərciklərin tikintisi təcrübəsi var. Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.”

Cənab İlham Əliyev onu da qeyd etdi ki, Prezident Aleksandr Lukaşenkoya Cənubi Qafqaz regionunda postmünaqişə şəraiti haqqında məlumat verib. Həmçinin dünya siyasətinin aktual məsələləri üzrə də fikir mübadiləsi aparıldı. Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq münaqişəni hərbi-siyasi yolla həll etdi: “Əlbəttə ki, diskussiyalar üçün mövzu olduqca çoxdur. Biz Aleksandr Qriqoryeviçlə artıq son 20 ildə fəal işləyirik. Bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq. Düşünürəm ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Zənnimcə, bu gün bu münasibətlərin dostluq xarakteri daşıması əyani şəkildə nümayiş etdirilir.”

Belarus Prezidenti əlaqələrimizin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Dəfələrlə qeyd etdi ki, Azərbaycan və Belarus qardaş və çox dost ölkələrdir. Xalqlarımız arasında sıx bağlılıq var. Azərbaycanda son illər qazanılan uğurlardan geniş bəhs edən Belarus Prezidenti torpaqlarımızın azad edilməsindən və bu ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparılmasından böyük sevinc hissi ilə danışdı. Ölkəsinin bu işlərə dəstək göstərməyə hazır olduğunu bildirən Aleksandr Lukaşenko vurğuladı ki, torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Belarus Prezidenti onu da əlavə etdi ki, bizim irəlilədiyimiz və təxminən 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol xəritəmiz var. Bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə alınmaqla aktuallaşdırılacaq. Bəzi məsələlər artıq köhnəlib, yeni problemlər meydana çıxır. Bütün bunlar həmin planda öz əksini tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə