Azərbaycanın xarici siyasəti ölkəni qlobal güc mərkəzləri ilə yaxınlaşdırır - ŞƏRH EDİLDİ

Azərbaycanın xarici siyasəti ölkəni qlobal güc mərkəzləri ilə yaxınlaşdırır - ŞƏRH EDİLDİ

Məlumdur ki, Azərbaycanın müstəqillik əldə etməsindən, müharibədə qələbə qazanmasından, Ermənistan dövlətinin kapitulyasiyasından və Azərbaycanın yeni güc mərkəzinə çevrilməsindən danışarkən bunun əsas memarının cənab Prezidentin rəhbərliyi ilə müasir Azərbaycan dövləti olduğunu qeyd etmək lazımdır. Bu binanın əsasını isə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev qoyub. O dövrdən etibarən Azərbaycanın güclənən xətlə inkişafı daim davam edib.

Bu sözləri SİA-ya deputat Tural Gəncəliyev deyib.

O sözlərinə belə davam edib: “Bu gün Azərbaycanı erməni məsələsi ilə limitləşdirməyə, məhdudlaşdırmağa çalışan güclərə cavabını həm hərbi meydanda verib, həm də diplomatik və siyasi müstəvidə verir. Azərbaycana qarşı əl qaldırmaq, siyasətimizə müdaxilə etmək, ölkəmizə qarşı kampaniya aparmaq istəyən güclərə öz yerlərini göstəririk və cavablarını veririk.

Azərbaycanın güclü hərbi potensialı, iqtisadi dayanıqlığı, dövlət təfəkkürü və xüsusilə xarici siyasətinin mükəmməl sxem əsasında saat mexanizmi kimi işləməsi ölkəmizin bu mürəkkəb siyasi dünyada orta güc dövlətinə çevrildiyini göstərir. Güclü liderlər öz xalqlarını və ölkələrini təhdidlərə, mürəkkəb vəziyyətlərə baxmayaraq irəli apara bilirlər.

Bu gün dünyanın müxtəlif güc mərkəzlərinin Azərbaycanla əməkdaşlığa və ölkəmizi etibarlı tərəfdaş kimi görməyə yanaşmasının da səbəbləri var. Amerika, Avropa İttifaqı, regional ölkələr, Çin, Rusiya, İran, qardaş ölkələr, xüsusilə Türkiyə və digər dövlətlər Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verirlər.

Bunun səbəblərindən biri Azərbaycanın tərəfdaşlığa açıq, ikili siyasətdən kənar və obyektiv mövqe nümayiş etdirməsidir. Azərbaycan tərəfdaşları ilə münasibətlərdə müsbət, həvəsləndirici və obyektiv siyasət yürüdür. Bütün bunlar Azərbaycanın xarici siyasətinin nəticəsidir.

Ona görə də Azərbaycanın xarici siyasəti, yeni güc dövlətinə çevrilməsi və qlobal dünyada söz sahibi olması artıq heç kimdə şübhə doğurmur.

Yenə də qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan münaqişəsi sanki Azərbaycan düşmənləri tərəfindən planlaşdırılan bir kampaniya idi ki, Azərbaycan Ermənistanın işğalı və təcavüzü altında qalaraq öz tam potensialını reallaşdıra bilməsin.

Bütün dünya şahid oldu ki, biz Ermənistanın işğalına son qoyduqdan sonra Azərbaycan həqiqətən güclü potensiala sahib olduğunu göstərdi. Cənubi Qafqazı və Böyük Xəzər hövzəsini konfrontasiya mərkəzindən əməkdaşlıq mərkəzinə çevirdik.

Dünyanın beynəlxalq təşkilatlarının ev sahibliyi etdiyi tədbirlərdə böyük nəticələr və uğurlar əldə etdik. Bütün bunlar bir-biri ilə bağlı hadisələrdir və Azərbaycanın artan gücünün göstəricisidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə