Metrologiya İnstitutunda yeni yaradılan laboratoriyaların sayı 20-yə çatdırılacaq

“2022-2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyası”nın Tədbirlər Planında Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) dövrün sonuna yeni yaradılan laboratoriyaların sayının 20-yə çatdırılması nəzərdə tutulub. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Milli Metrologiya Forum"unda deyib.

M. Abbasbəyli bildirib ki, Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) ilə aparılan danışıqların nəticəsi olaraq ölkəmizdə birinci mərhələdə inşaat, nəqliyyat, hərbi sənaye, səhiyyə və istehsal sahələrinə xidmət edəcək 12 milli etalon laboratoriyaların yaradılması məqsədəmüvafiq hesab edilib.

O vurğulayıb ki, keyfiyyət infrastrukturunun inkişafının təmin edilməsi ilk növbədə rəqabətə öz təsirini göstərir: "Bazarda məhsul və xidmətlər üzrə rəqabətin əsas ölçü vahidinin qiymət deyil, qiymətlə keyfiyyətin mütənasibliyi istehlakçıları daha keyfiyyətli, müxtəlif çeşidlərdə və innovativ məhsullarla təmin etmə imkanı yaradır, iqtisadi səmərəliliyin artırılmasına müsbət təsir göstərir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Bu prosesdə keyfiyyət sahəsinin tənzimlənməsi və inkişafı da mühüm rol oynayır. Hazırda keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarların, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilib, bu sahəyə aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən istifadənin sürətlə genişləndiyini qeyd edə bilərik”.

M. Abbasbəyli bildirib ki, Dövlət Xidmətinin əsas məqsədi güclü və dayanıqlı rəqabət mühiti formalaşdıraraq sahibkar-istehlakçı münasibətlərini tənzimləmək, əhaliyə keyfiyyətli məhsul və xidmətlərin təqdim olunmasını təmin etmək, inhisarçılığın qarşısını almaq və fəaliyyət istiqamətləri üzrə şəffaflığı və operativliyi təmin etməklə ölkə iqtisadiyyatının gücləndirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə