Almaniya prezidenti Qəzza məsələsini qiymətləndirib

Almaniya prezidenti Frank-Volter Ştaynmayer bildirib ki, Qəzzada daha böyük humanitar fəlakətin qarşısını almaq üçün hər şey edilməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, Ştaynmayer və ölkəsinə səfər edən Finlandiya prezidenti Aleksandr Stubb keçirdikləri görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər.
Görüşdə Yaxın Şərqdəki vəziyyəti də müzakirə etdiklərini bildirən Ştaynmayer İsrailin beynəlxalq hüquq çərçivəsində ''Həmas''a qarşı özünü müdafiə etmək hüququna malik olduğunu irəli sürüb.
''Həmas''ın əsirləri azad etməsinin vacibliyini vurğulayan Ştaynmayer hazırda bu kontekstdə aparılan danışıqlar haqqında çox az şey bildiklərini qeyd edib.
''İstənilən halda biz Qəzza zolağında daha böyük humanitar fəlakətin qarşısını almaq üçün hər şeyi etməliyik” deyən Almaniya lideri ölkəsinin humanitar yardım təşkilatlarını dəstəkləyərək buna nail olduğunu deyib.
Eyni zamanda gələcəyi düşünməyin vacibliyini vurğulayan Frank-Volter Ştaynmayer yalnız siyasi həll yolunun daimi sülhün bərqərar olmasını təmin edəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə