"Azərbaycan deyəndə ağlıma birinci Heydər Əliyev gəlir" - SORĞU

10 may - bütün türk dünyasının iftixarı, dünya şöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür. Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanda dinamik iqtisadi inkişafını, sosial rifah halının yüksəldilməsini, Azərbaycanın gələcək müstəqilliyi üçün potensialın yaradılmasını təmin edib. 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edərək, dərin siyasi, iqtisadi və sosial böhranın qarşısının alınmasına nail olub.

Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyən, vətəndaş rifahının təminatı istiqamətində mühüm addımlar atan, dünya birliyində nüfuzlu mövqeyə malik olan bir ölkədir.

SİA şəhər sakinləri arasında "Ümummilli Lider Heydər Əliyev necə insan idi?, Onunla bağlı təəssüratlarınız necədir?, Onu necə xatırlayırsınız?" kimi suallarla müraciət edərək sorğu keçirib.

Şəhər sakini Təranə Məcidova: "Heydər Əliyev bizim üçün dahi, əvəzolunmaz şəxsiyyətdir. Onun Azərbaycan və bizim üçün ən böyük işi, mənim fikrimcə, İlham Əliyev kimi oğul yetişdirməsidir. İlham Əliyev də Ulu Öndərin uğurlu yolunu davam etdirir. Bu dahi şəxsiyyət haqqında nə qədər danışsaq, azdır. Onun gördüyü işləri nə qədər saysaq, bitməz".

Şəhər sakini Emil Abutalıbov: "Heydər Əliyevi çox yaxşı xatırlayıram. Mən məktəbli olanda bizim Prezidentimiz idi. Bu dahi şəxsiyyət Azərbaycan Respublikası və Azərbaycan xalqı üçün çox böyük işlər görüb. Mənim yadıma gəlir ki, Sovet hakimiyyəti dağılandan sonra biz necə yaşayırdıq. Heydər Əliyev hakimiyyətə gələndən sonra müstəqilliyimizi hiss etdik. O vaxtları çox gözəl xatırlayıram. Çox mehriban, gözəl yaşayırdıq. İndi də bizim cənab Prezident İlham Əliyev Ulu Öndərin yolunu davam etdirir. Heydər Əliyev çox güclü siyasətçi idi. Bəlkə də, indi Onun kimi siyasətçilər çox azdır".

Şəhər sakini Hüquq Salmanov: "1969-cı ilin iyul ayının 14-dən, ondan da əvvəl bu insanın Azərbaycan xalqı üçün əvəzsiz xidmətləri danılmazdır. İlk əvvəl 10 minlərlə azərbaycanlı Moskva, Sankt-Peterburq, Kiyev və digər şəhərlərin ali məktəblərində təhsil alıb bizim kadr bazasını mükəmməlləşdirdilər. Heydər Əliyevin vaxtında beynəlmiləlçilik norma kimi qəbul olundu. Artıq ermənilər baş qaldıra bilmədilər. Heydər Əliyev həm tarixçi, filosof, həm dövlət xadimi kimi böyük xidmətlər göstərib. 2001-ci ilin 23 fevralında onun Milli Məclisdəki nitqi var. Təfsilatı ilə camaata başa saldı ki, Qarabağ problemi ümumxalq problemidir. Bu, təkcə Prezidentin, Milli Məclisin, Elmlər Akademiyasının problemi deyil. Gərək xalq birləşib bu problemi həll etsin. Yollarını da məhz orada göstərdi. Azərbaycanın Qarabağ problemini həll etmək üçün Amerika, Rusiya, Fransa üçlüyü vacib idi. Amerika ilə Rusiya arasında qarşılıqlı anlaşma olması mümkünsüzdür.

Heydər Əliyevin bu addımı mühüm strateji addım hesab oluna bilər. Heydər Əliyev sadə ailədən olduğu üçün həmişə xalqa arxalanıb. Dünyada nə qədər məşhur olsa da, o, öz köklərini unutmayıb. Onun kolxozçuların yanında, pambıq, üzüm yığanlar, gəmiqayıranlar, neftçilərlə minlərlə şəkli var. O, çəkməsini geyinib tarlaya düşürdü. Tarlaları sulayırdılar, su dizə qədər çıxardı. Heydər Əliyev unikal adam idi.

O, mənim həyatımda çox dərin izlər buraxıb. Mənə deyirdilər ki, biz milli komanda yaradırıq, heyif ki, sən bizim millətdən deyilsən. Heydər Əliyev buna baxmadı, harada savadlı kadr var idisə, hamısını ətrafına yığdı. Mən də fürsətdən istifadə edib müraciət etdim. Sonralar da siyasət şöbəsinin rəhbəri oldum. Onun Zərifə xanım Əliyeva ilə münasibətləri, uşaqlarına qayğısı əfsanəyə çevrilib. Onun üçün hamımız bir ailəyik".

Şəhər sakini Mələk Əlimuradova: "Azərbaycan gənci kimi Onun çox güclü, yaxşı lider olduğunu deyə bilərəm. Onun əvəzsiz siyasətçi olduğunu eşitmişəm. Heydər Əliyev Azərbaycan üçün əvəzolunmaz liderdir. O, Azərbaycanın inkişafı üçün çox böyük işlər görüb. Onun siyasəti indi də davam edir".

Şəhər sakini Heybət Babayev: "Çox nostalji hisslər yaşadım. Mən Heydər Əliyevlə qonşu olmuşam. Onun işdən qayıtdığı vaxtları xatırlayıram. Heydər Əliyev böyük rəhbər, çox savadlı insan olub. Allah ona rəhmət eləsin. Onun Azərbaycan üçün gördüyü işlərdən danışanda deyə bilərəm ki, Azərbaycanın böyük qüvvəsi Heydər Əliyevlə bağlı olub. Məktəbli yaşlarda elə də anlamırsan, böyüyəndən sonra Onun necə böyük şəxsiyyət, siyasətçi olduğunu dərk edirsən. Onun hər sahədən anlayışı var idi. Mən musiqiçiyəm. Musiqidən danışanda musiqidən, ədəbiyyatdan danışanda ədəbiyyatdan deyirdi. Mənim xatirimdə o insan çox böyük təəssürat yaradıb. Atamdan eşidirdim, o həmişə Heydər Əliyevi tərifləyərdi. Sonra da özüm anlayandan sonra gördüm ki, həqiqətən də, böyük şəxsiyyətdir. Azərbaycanı, xalqını Sovet məkanında yox, dünyada tanıdıb. Onun yolunu indi oğlu İlham Əliyev davam etdirir. Dövlət başçımıza minnətdar olmalıyıq".

Şəhər sakini Lalə Mehdili: "Heydər Əliyevin Azərbaycan üçün çox böyük işlər gördüyünü düşünürəm. Ümumiyyətlə, Azərbaycan deyəndə birinci ağlıma Azərbaycanın təməlini qoyan insan kimi Heydər Əliyev gəlir. Xarakterinə görə mülayim insan idi, insanları, vətənini sevən insan olduğunu düşünürdüm. Ona görə də əlindən gələni edirdi, başına gələ biləcək hər şeyi göz önünə almışdı. Yəni başına pis iş gəlməyini belə Vətəni üçün gözə almışdı. Onun dövlətə əmanət etdiyi oğlu da onun yolundan gedir, onun istəklərini yerinə yetirir. Yaxşı ki, var imiş. Yaxşı insan idi. Onu realda görməsəm də, görmək istəyərdim. Hər dəfə videolarına baxanda görürəm ki, Vətən haqqında danışanda gözləri dolur, ağlayır. Bu mənə çox təsir edir. Allah rəhmət eləsin, ruhu şad olsun. Vətənimiz üçün çox böyük işlər görüb".

Şəhər sakini Fuad Əlixanov: "Mən Naxçıvanda yaşayanda Heydər Əliyevi orada görmüşdüm. Onun hakimiyyətə gəlməsi Azərbaycanı bəlalardan xilas etdi. Heydər Əliyev böyük rəhbər, böyük siyasətçi, gözəl də insan olub. Çox güclü lider və çox sadə insan idi. Allah rəhmət eləsin".

Şəhər sakini Hicran Səlimova: "Ulu Öndər daim mənim ürəyimdədir. Şəxsən hesab edirəm ki, Onun kimi əvəzolunmaz adam yoxdur, təbii ki, Onun oğlu cənab İlham Əliyevdən başqa. İlham Əliyev də Onun tələbəsi, Onun yetişdirməsidir. Ulu Öndərin yeri və xatirəsi mənim üçün tam başqadır. O, əvəzolunmaz bir insandır, dünya üzrə güclü siyasətçidir. Onun elədiklərini təkrarlamaq mümkün deyil. Heydər Əliyev fenomendir. Belə insanlar 100 ildə bir dəfə dünyaya gəlir".

Şəhər sakini Bəhruz Ələkbərov: "Heydər Əliyev deyəndə Ulu Öndərimiz yada düşür. Bizi müharibədən xilas edən böyük şəxs kimi xatırlanır. Bütün ömrümüzü ona borcluyuq. Mənim fikrimcə, Heydər Əliyev dünyada ən güclü siyasətçi idi. Xalqla səmimi idi, kaş yenə sağ olaydı, kaş yenə xalqla səmimi şəkildə ünsiyyət qurardı".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə