Əməkhaqqı niyə eyni olmalıdır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumtəhsil məktəblərində öyrənmə mühitinin interaktiv təşkili dövrün, zamanın ciddi tələbinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, öyrənənlərin öz aralarında, həm də öyrənənlər və müəllim arasında qarşılıqlı fikir mübadiləsinin və müzakirələrin olması interaktiv öyrənmə mühitinin əsas tələbləridir: "Bu tələbləri 45 dəqiqəlik dərs zamanı 40-a yaxın şagirdlə keyfiyyətli şəkildə ödəmək çətindir. Bu baxımdan sinifdə şagird sayını azaltmaq məsələnin yalnız bir həlli yoludur. Şagird sayı 40-a yaxın olan sinifdə müəllim nə qədər də güc sərf etsə, işi tam və keyfiyyətli görməyə çalışsa da, istədiyi nəticəni almaqda çətinlik çəkəcək.

Şagird sayı çox olan sinifdə dərs deyən müəllim keyfiyyətli təlim nəticələrinə çatmaq üçün innovativ təlim metodları və texnologiyalarını yaxşı bilməli, öz dərs dediyi sinfinə uyğunlaşdırmağı bacarmalıdır. Bu cür peşəkar və ağır işin öhdəsindən gələn müəllimin əmək haqqı adambaşı maliyyə sisteminə əsaslanmalıdır. Bir sinifdə 40-a yaxın sagirdə dərs deyən müəllimlə, 5 nəfər şagirdə dərs deyən müəllimin əməkhaqqı niyə eyni olmalıdır? Şagird sayı çox olan sinifdə dərs deyən müəllim həm yüksək kvalifikasiyaya sahib olmalı, həm də yüksək əməkhaqqı almalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə