Prezidentlər arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın İsrailin Fələstin torpaqlarında törətdiyi vəhşiliyə qarşı münasibətinin təqdirəlayiq olduğunu bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə telefon əlaqəsi saxlayıb.

Görüşdə Türkiyə ilə Braziliya arasında ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan İsrailin Fələstin torpaqlarında törətdiyi vəhşiliyə Braziliyanın münasibətinin təqdirəlayiq olduğunu, daimi atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımların çatdırılması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
Fələstinin müqavimət hərəkatı HƏMAS-ın atəşkəsi qəbul etməsinə baxmayaraq, İsrailin hücumlarını artırmağa davam etdiyini bildirən Prezident Ərdoğan Fələstin Dövlətinin tanınması ilə bağlı təşəbbüslərin dəstəklənməsinin zəruri olduğunu qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında davam edən müharibəni yaxından izlədiyini ifadə edərək, tərəflərə danışıqlara qayıtmağı, haqq və qanun əsasında ədalətli sülhün bərqərar olması üçün çalışmağı təklif edib.
Prezident Ərdoğan Braziliyada leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində yaşanan can itkisinə görə da Silvaya başsağlığı verib və Türkiyənin Braziliya xalqının yanında olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə