Çox maraqlı dövrdə yaşayırıq, başqaları haqqında hökm çıxarmaq, onların adımdan danışmaq, hətta qərar vermək sanki dəb halını alıb. Vay odur ki, istənilən bir şəxsin fotosunu dərc edəsən və altından da onun doğru-dürüst birisi olmadığını yazasan. Əsl mərəkə bundan sonra başlayır, düşürlər həmin adamım canına, sağdan-sola, aşağıdan-yuxarıya leksikonumuzda olmayan, amma bizə tanış notlar üzərindən nə ki söyüş var yağdırmağa. “Harda aş, orada baş”lar arasında yazdıqları yalanları izləyicilərə sırımaq, daha inandırıcı olması üçün hətta Qurana and içənlər də olur. Nə deyirik, hər halda Quran sahibi bilər, onlar bilər...

Ya da tərsinə olur, cinayət törətməkdə şübhəli bir şəxs haqqında xəbər işıq üzü görər-görməz başlayırlar, əvvəla “Allah qapısını açsın” duasını etməyə, ikinci cümlə “şərə salıblar” deməyə, üçüncü cümlə isə hakimiyyətə qarşı ittiham olur. Ötən ilin söhbətidir, Rəşad Dağlı adlı meyxanaçı aralarındakı mübahisə səbəbindən tanıdığı birisini bıçaqlayaraq o dünyaya göndərmişdi. Sosial şəbəkə yazıların ağırlığından bir tərəfi üstə qalmışdı. Nələrdən yazmırdılar? Hətta “əcəb edib” deyənlər də var idi. İnsan dəhşətə gəlir, biri ölüb, o birisi isə dəmir barmaqlıqlar arasında ömrünün ən gözəl çağlarını keçirməyə məhkum edilib, bunlar isə şou peşindədirlər. İnanmıram ki, həmin “yazarlar” özlərini ölənin, ya da öldürənin yaxınlarının yerinə qoysunlar. Başqalarına gələndə ağızlarına gələni, heç bir məhsuliyyət hiss etmədən tirajlayırlar.

Bu yazını yazmağa məni bir mövzu vadar etdi. İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli yazıb ki, “Qubad İbadoğlunun ayağına elektron qandal taxılması Azərbaycan siyasi mühitinin nə qədər eybəcər olmasından xəbər verir. Hüquq-mühafizə orqanları şəbeh çıxarır...”. Bu sözləri demək üçün adamın əlində təkzibolunmaz faktlar olmalıdır ki, bu da Elbəyidə yoxdur. Varsa, buyurub göstərsin, aidiyyəti qurumlara təqdim etsin, yeri gələndə şahid qismində çıxış etsin. E.Həsənli dövlət qurumuna iftira atır, onun fəaliyyətini şübhə altına alır. Söhbət hansısa məmurdan getmir, hədəf hüquq-mühafizə orqanlarıdır.

E.Həsənli yazır ki, “Qubad İbadoğlunun saxta dollar buraxması, Fətullah Gülənlə əlaqələndirməsi gülüş doğuran ittihamlardır...”. Niyə? Bütün bu sadalananları vaxtilə Türkiyədə hakimiyyətin ən yüksək pilləsində oturan, kifayət qədər tanınmış şəxslər edibsə, generallar Gülənin tapşırığı ilə dövlət çevrilişinə cəhd zamanı öz xalqına atəş açıbsa, başqaları bunu edə bilməzmi? Yaxud Q.İbadoğlunun Fətullah Gülənlə əlaqəsi niyə gülüş doğurmalıdır ki, hansı əsasla bunu inkar edirsiniz? Mən də bunun həm doğru olduğuna, həm də da İbadoğlunun bu cinayətdə əlinin olmadığına inanmıram. Çünki əlimdə heç bir əsasım yoxdur, bunu yalnız hüquq mühafizə orqanlarının araşdırmalarından sonra müəyyən etmək olar. Qubad İbadoğlu kifayət qədər savadlı adamdır, iqtisadçıdır, pul qazanmağın yollarını da hər kəsdən yaxşı bilir. Gülənlə və yaxud onun ətrafı ilə təması da əllinin əlliyə nisbətindədir. Deməli, cinayətin baş vermə ehtimalı ən azı 50 faizdir.

Elbəyinin yazısından belə çıxır ki, sən demə hüquq-mühafizə orqanları tərəfindən İbadoğlunun istintaqa cəlb olunması “Qarabağda əldə olunmuş möhtəşəm Zəfərə kölgə salır”mış. Hansı kölgədən söhbət gedir? Qubad İbadoğlu kimdir ki, ətrafında şübhəli şəxs qismində aparılan araşdırma xalqımızın birliyi, şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına əldə edilmiş qələbəni arxasında gizlədə bilsin. İmkan verin istintaq öz işini görsün, həqiqətlər üzə çıxsın, haqq-ədalət öz yerini tutsun. Münəccimlik, müştəbehlik etmək, başqasının əməlinə, fəaliyyətinə, cinayətinə don geydirmək, diqqəti məqsədli şəkildə yayındırmaq cinayətdən də betərdir.

"Qubad İbadoğlunun savadına, biliyinə bələdəm", deyə bilmirəm. Çünki tanımıran, yazılarını oxumamışam, mühazirələdini dinləməmişəm. Haqqında yalnız “savadlıdır” sözünü eşitmişəm ki, bu da kafi deyil və onun cinayət törətməyəcəyini sığortalaya bilməz. Cinayəti savadlılar da törədir, dəlilər, ağıldan kəmlər yox. Xarici xüsusi xidmət orqanlarının toruna düşənlərin əksəriyyəti ağlı və dünyagörüşü ilə başqalarından seçilənlər olub. Ona görə də “filankəs bunu edə bilməz”, “mən buna inanmıram”, “hakimiyyət düzgün etmir” fikirləri yalnız “dəryada saman çöpü”dür. Çalışın dürüst olun...

Bütün xəbərlər Facebook səhifəmizdə