Avropa İttifaqı Çin xammalından asılılığı azaltmaq üçün yeni plan hazırlayır

Avropa İttifaqı Çin mənşəli strateji xammaldan asılılığını azaltmaq üçün yeni plan üzərində işləyir. SİA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

O, həmçinin Pekini nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətləri genişləndirdiyinə görə tənqid edib.

Von der Leyenin sözlərinə görə, Aİ Avstraliya, Kanada, Çili, Qrenlandiya, Qazaxıstan, Özbəkistan və Ukrayna kimi ölkələrlə strateji xammal sahəsində tərəfdaşlıqları sürətləndirməyə çalışacaq.

Xatırladaq ki, Çin 9 oktyabrda nadir torpaq elementləri və batareya istehsalı üçün vacib materialların ixracına məhdudiyyətlər tətbiq edib.

Qərb hökumətləri və analitiklər bu addımı ABŞ tərəfindən tətbiq edilən ticarət rüsumlarına Çinin cavabı kimi qiymətləndirirlər.

Lakin von der Leyen bildirib ki, bu qərar Avropada avtomobil, müdafiə, aviasiya, süni intellekt çipləri və məlumat mərkəzləri kimi sənaye sahələrinə də ciddi təsir göstərir.

“Əgər nəzərə alsaq ki, nadir torpaq maqnitlərinin 90 faizdən çoxu Çindən idxal olunur, bu, Avropanın ən strateji sənaye sahələri üçün risk yaradır,” – deyə o vurğulayıb.

“Qısamüddətli perspektivdə biz çinli tərəfdaşlarımızla birgə həll yolları tapmağa çalışırıq. Lakin zərurət yaranarsa, cavab vermək üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə hazırıq,” – von der Leyen əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə