Şəhid anası: oğlum Vətən üçün canından keçərək ölməzlik qazandı

Vətən üçün canından keçən şəhidlərin xatirəsi xalqımızın yaddaşında hər zaman qəhrəmanlıq nümunəsi olaraq qalır. Şəhidlərin şərəfli həyat yolu həm də gələcək nəsillər üçün bir məktəbə çevrilir və şücaətləri daim xatırlanır. Torpaq üçün canını fəda edən oğullardan biri də Ağamir Ağayevdir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, döyüş yolu hələ aprel zəfərindən başlayan Ağamir 44 Günlük Zəfər yürüşü zamanı könüllü olaraq döyüşlərə yollanıb və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Ağayev Ağamir Qüdrət oğlu 1996-cı ildə Biləsuvar rayonunda 2 nömrəli çadır şəhərciyində məcburi köçkün ailəsində dünyaya göz açıb. 1993-ci ildə erməni işğalı nəticəsində onun ailəsi öz doğma torpaqları olan Füzuli rayonu Şükürbəyli kəndindən məcburi köçkün düşüb. 1994-ci il Horadiz əməliyyatı zamanı azad edilən kəndlərdən biri Şükürbəyli olduğu üçün Ağamir və ailəsi 2001-ci ildən öz ata-baba yurduna dönüb. Yeniyetmə çağlarını Şükürbəylidə keçirən Ağamir düşmənlə təmas xəttində böyüyüb. O, 2014-ci ildə həqiqi hərbi xidmətə yollanıb və Ordu sıralarında kəşfiyyatçı kimi xidmət edib. Aprel döyüşlərində də iştirak edib. Düşmən üzərində qazanılan zəfərdə Ağamirin də şücaəti olub. Döyüşlər vaxtı yaralandığı üçün tərxis olunub.

Şəhid anası Rəna Qasımova övladı Ağamir haqqında qürurla danışır: “1993-cü ildə doğma yurdumuzdan məcburi köçkün düşərək Biləsuvar rayonundakı çadır şəhərciyində məskunlaşdıq. Həmin ağır illərdə, oğlum Ağamir dünyaya göz açdı o, Vətən həsrəti ilə böyüdü. Ağamirin beş yaşı olanda yenidən Şükürbəyli kəndinə qayıtdıq. Ağamir uşaq yaşlarından hərbçi olmaq arzusuyla yaşayırdı. Məktəbi bitirəndə də bu məqsədlə ali hərbi məktəbə hazırlaşırdı, lakin səhhətində yaranan narahatlıq ona bu arzunu bir qədər təxirə salmağa vadar etdi. Bir müddət sonra o, həqiqi hərbi xidmətə çağırıldı. Ən böyük arzusu gerçəkləşdiyi üçün sevinci hədsiz idi. Xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdaraq müddətdən artıq qulluqçu kimi Vətən keşiyində dayandı. Onun döyüş yolu Aprel Zəfərindən başladı. Həmin döyüşlərdə yaralandığı üçün ordudan tərxis oldu, lakin onun vətən sevgisi tükənməz idi...”

2020-ci ilin sentyabrında müharibə başladığı vaxt Ağamir Bakıda işləyib. Döyüş xəbəri alan kimi tərəddüd etmədən işindən ayrılıb və könüllü şəkildə səfərbərlik xidmətinə müraciət edib. "Dəfələrlə müraciətdən sonra o, nəhayət döyüşlərə yollandı. O günlərdə düşmən bizim kəndi də atəş altında saxlayırdı. Biz qadınlar, uşaqlar və yaşlılar kənddən çıxmaq məcburiyyətində qaldıq, Qarabağ kəndində qızımın evində idik. Hər gün Ağamir zəng edirdi, səsində sevinc vardı, fəxrlə danışırdı “torpaqlarımızı azad edirik!” — deyirdi.

Şəhidlik xəbərindən bir gün öncə gecə atəş səsləri kəsilmirdi. O gecə içimdə qəribə bir narahatlıq vardı, elə bil ürəyimə dammışdı. Səhər açılanda Ağamirin şəhid xəbərini aldıq...

Ağamir çox mehriban, mərd və qorxmaz oğul idi. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu və 2020-ci il oktyabrın 8-də Füzuli istiqamətində gedən gərgin döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Oğlum Vətən üçün şəhid oldu və əbədiyyətə çevrildi",- deyə oğlunun xatirəsini qürurla yaşadan şəhidin anası bildirib.

Qeyd edək ki Ağamir Ağayev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə