Çin Rusiyanı dayandıracaqmı?

Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün Si Cinpinlə danışıqlara hazırlaşır...

...ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə qarşıdan gələn görüşündə Rusiya-Ukrayna müharibəsinin bitməsini müzakirə edəcəyini açıqlayıb.

SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

Mətbuat konfransı zamanı Trampdan Rusiyanı dayandırmaq üçün Çinin hansı təsir göstərməsini istədiyi soruşulub. Cavab olaraq, ABŞ prezidenti Pekinin Moskvanın Ukrayna ilə bağlı mövqeyinə təsir etməsini istədiyinə işarə edib.

...Çox istərdim ki, Çin bizə Rusiya ilə bağlı kömək etsin. Rusiyaya qarşı çox əhəmiyyətli sanksiyalar tətbiq etmişik. Düşünürəm ki, bu sanksiyalar... çox sərtdir. Çox güclüdür. Amma istəyirəm ki, Çin bizə kömək etsin. Bildiyiniz kimi, mənim Prezident Si ilə yaxşı münasibətlərim var... görüşəcəyik. Yaxşı görüşümüz olacaq... Düşünürəm ki, bəzi yaxşı razılaşmalar əldə edəcəyik. Məsələlərdən biri... Rusiya ilə Ukrayna arasındakı münasibətlərdir, - deyə Tramp bildirib.

O, əlavə edib ki, bu müharibədə hər həftə 7000 insan həlak olur və "bunu mütləq müzakirə edəcəyik" vurğulayıb.

…Si Cinpin də bunun bitməsini istəyir, - deyə ABŞ prezidenti bildirib.

Trampdan həmçinin ABŞ-ın son sanksiyalarının çox güclü olduğundan və Putini küncə sıxışdıracağından qorxub-qorxmadığı soruşulub.

…Xeyr, düşünmürəm. Görək nə olacaq. Düşünürəm ki, o, müharibənin bitməsini istəyir, - deyə Tramp cavab verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə