İçərişəhərdə Zeytun Festivalı keçiriləcək...

Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçiriləcək.

SİA-nın məlumatına görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Festival çərçivəsində zəngin yarmarka proqramı, konsertlər, rəssamların açıq hava plenarı, həmçinin sərgilər təşkil olunacaq. Qonaqlar həm müxtəlif bölgələrdən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olacaq, həm də İçərişəhərin tarixi mühitində maraqlı mədəni və əyləncəli anlar yaşayacaqlar.

İçərişəhərin özünəməxsus ab-havasında keçiriləcək bu festival yerli sənətkarların, rəssamların, musiqiçilərin iştirakı ilə birgə ənənə və müasirliyin vəhdətini nümayiş etdirəcək.

Bundan əlavə, festival çərçivəsində uşaqlar üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub. Kiçik ziyarətçiləri oyunlar, yaradıcılıq guşələri və maraqlı ustad dərsləri gözləyir.

Tədbir hər kəs üçün açıqdır. Ziyarətçiləri dadlı məhsullar, canlı musiqi, sənət nümayişləri və ailəvi istirahət üçün unudulmaz atmosfer gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə