Ermənistandakı etirazların, qarışıqlıqların PƏRDƏARXASI - TƏHLİL

Ermənistanda cərəyan edən hadisələr, ələlxüsus da narazılıqlar, etiraz aksiyaları bütün dünyanın, ələlxüsus da regionun taleyi ilə maraqlananların, eləcə də narahat olanların diqqətini cəlb etməyə bilməz. İşğalçı ölkədə vəziyyətin get-gedə daha da gərginləşməsi artıq həmin ölkənin mətbuatında da öz əksini tapırsa, deməli, mövcud durum düşünüldüyündən də kritikdir. Əgər erməni baş nazir Nikol Paşinyanın məhz Azərbaycanın Qazax rayonu ilə həmsərhəd kəndlərin sakinlərinin etirazları ilə əlaqədar mətbuat konfransını işıqlandırmaqdan, yayımlamaqdan Ermənistana məxsus bir sıra mətbuat səhifələri imtina edirsə, erməni cəmiyyətində vəziyyətin hansı həddə ağır olduğunu təsəvvür etmək çətin deyil.

Ermənistanda dövlət çevrilişi, hətta vətəndaş müharibəsinin baş verməsinin belə mümkünlüyü təkzib edilə bilməz

Diqqətə çatdıraq ki, “ArmDay”, “NewDay”, “Irakanum.am”, “Past” və “Yerkir” qəzeti kimi Ermənistana məxsus mətbuat səhifələrinin rəhbərləri, baş redaktorları erməni baş nazirin mətbuat konfransında dediklərini yayımlamayacaqlarını açıq şəkildə bəyan ediblər. Onlar bunu, yəni mətbuat konfransının işıqlandırmamalarını, yayımlamamalarını erməni baş nazirin dediklərinin erməni xalqına, eləcə də erməni dövlətçiliyinə qarşı yönəlmiş fikir və mülahizələr olması ilə əlaqələndiriblər və səbəbini də elə belə izah ediblər. “Biz, aşağıda imza edən media rəhbərləri və redaktorları, nəzərinizə çatdırırıq ki, Nikol Paşinyanın mətbuat konfransı birbaşa və ya gizli məqsədlə Türkiyəyönlü tezislər yaymaqla “sərhədin delimitasiyası” və “demarkasiyası” kimi biabırçı prosesə haqq qazandırmaqdan ibarətdir, hansıki bu, düşmənlərə məhz erməni cəmiyyətinə və ölkənin dərinliklərinə nüfuz etmək imkanı verir. Bu təhdidlərə əsaslanaraq, bəyan edirik ki, Nikol Paşinyanın mətbuat konfransını və onun erməni xalqına, eləcə də erməni dövlətçiliyinə qarşı yönəlmiş fikir və mülahizələrini nə işıqlandırmayacağıq, nə də yayımlamayacağıq”, deyə sadalanan mətbuat səhifələrinin rəhbərləri açıq şəkildə bəyan ediblər və erməni baş nazirin mətbuat konfransını yayımlamaqdan imtina etdiklərinə haqq qazandırmağa çalışıblar. Heç şübhəsiz ki, belə bir hal artıq qarışıqlığın, idarəedilməz xaosun başlanğıcından xəbər verir və belə görünür ki, Nikol Paşinyan erməni cəmiyyətində bu dəfə daha böyük təpki ilə qarşılaşıb və Ermənistanda qarşıdurmanın istənilən an ola biləcəyi, hakimiyyət dəyişikliyi, dövlət çevrilişi, hətta vətəndaş müharibəsinin baş verməsinin belə mümkünlüyü təkzib edilə bilməz.

Dinc, yanaşı yaşayışı qəbul etməyən qüvvələr bununla Ermənistanda vəziyyəti daha da çətinləşdirirlər

Bəli, Azərbaycana məxsus 4 kəndin qaytarılması barədə rəsmi İrəvanın qərarı sülh danışıqlarının baş tutması üçün təkan verən məqamdır. Hətta erməni baş nazir Nikol Paşinyanın bu ilin noyabr ayına, daha dəqiq desək, COP29 tədbirinə qədər sülh danışıqlarının baş tutmasının mümkünlüyü barədə fikirlər səsləndirməsi də bu baxımdan təsadüfi deyil. Görünən odur ki, baş nazir Vovayeviç çoxdan başa düşüb ki, Ermənistan üçün ən doğru seçim məhz Azərbaycanla sülh müqaviləsini bağlamaqdır. Əlbəttə, dünyanın bir çox ölkələri, xüsusən də aralarında konflikt, münaqişə və müharibə olmuş ölkələri vardır ki, onlar arasında sülh müqaviləsi də imzalanıb, iqtisadi əlaqələr də yaradılıb və onlar dinc, yanaşı yaşayışı da qəbul ediblər. Məsələ burasındadır ki, bunu Ermənistanda bəzi qüvvələr qəbul etmək istəmirlər və bununla da vəziyyəti daha da çətinləşdirirlər. Onların vəziyyəti çətinləşdirmələri, gərginləşdirmələri ancaq yekunda müharibənin bir daha qızışmasına xidmət edir. Hazırda erməni kilsənin qızışıb ortaya düşməsi, etirazlara rəhbərlik etməi də nəticə etibarı ilə İrəvanda vəziyyəti daha da gərginləşdirir və nəinki dövlət çevrilişi, vətəndaş müharibəsi, hətta müharibə riski belə yaradır. Çünki erməni baş nazir Nikol Paşinyana tabe olmaq istəməyənlər əsassız olsalar belə ancaq, revanşizmdən, müharibədən dəm vururlar və müharibənin acısını yaşayan, bundan sonra da yaşamalı olacaq erməni xalqını heç nəzərə də almırlar. İndi əyalətdə etiraz aksiyasına başlayan və İrəvana istiqamət götürənlər Ermənistan paytaxtında onları nələrin gözlədiyini bilərəkdən, yaxud bilməyərəkdən geri çəkilmirlərsə, deməli, hayları, erməni cəmiyyətinin taleyi onları qətiyyən maraqlandırmır. Çünki Ermənistana məxsus mətbuat səhifələrində belə qeyd olunur ki, onlar İrəvana çatdıqları zaman barədələrində hökumət tərəfindən xüsusi “ölçü” götürüləcək, hansıki bunun hələ nə ilə nəticələnəcəyini də proqnozlaşdırmaq mümkün deyil. Ola bilsin ki, rəsmi İrəvanın, Paşinyan komandasının məhz həmin o etirazçılara qarşı görəcəyi “tədbirlər” erməni cəmiyyəti üçün, bütövlükdə erməni xalqı üçün heç də arzuolunan olmasın.

Aranı qarışdırmaq istəyənlərin məqsədinin hakimiyyət dəyişikliyi olduğunu erməni cəmiyyəti başa düşür, amma qəbul etmir

Ola bilsin ki, erməni kilsəsi İrəvana çatdığı zaman 2018-ci il hadisələrini təkrarlamağı, hakimiyyət dəyişikliyi, daha doğrusu, dövlət çevrilişi etməyi planlaşdırır. Baqrat kimi kilsə başbiləninin də təlxəkliklərinin arxasında belə niyyətlərin gizləndiyini belə ehtimal edən erməni siyasətçilər də az deyil. Məsələ burasındadır ki, Azərbaycana məxsus olan 4 kəndin qaytarılması barədə razılıq onlar üçün son bəhanə və son şans kimi görünür deyə bunu əldən vermək istəmirlər. Çünki bilirlər ki, erməni kilsəsi artıq özünün “son nəğməsini” oxuyur və bundan sonra hansısa şans əldə edə bilməyəcək və bunun üçün də şans bildiyindən istifadə etmək niyyətindədir. Halbuki dini, ruhani məsələlərlə məşğul olanlar qətiyyən siyasətlə məşğul olmamalı olduqlarını elə kilsənin başbilənləri də yaxşı bilirlər, amma buna məhəl qoymurlar. Görünür, Baqrat Qalstyanın məqsədi Katalikos olmaqdır və bunun üçün də ortaya düşüb hansısa hakimiyyət dəyişikliyinə nail olmaqla, özünə yer eləmək niyyəti güdür. Bu barədə biz hansısa təxminlər etmirik, yazdıqlarımız Ermənistana məxsus mətbuat səhifələrində qeyd olunur və deməli, məqsədlər barədə artıq müəyyən məlumatlar da sızmaqdadır. Hətta erməni mətbuatında qeyd olunur ki, hakimiyyət dəyişikliyi onların istədiyiniz zaman yox, erməni xalqı istədiyi zaman olacaq. Bu o deməkdir ki, kilsənin ortaya atılıb aranı qarışdırmasında məqsədinin hakimiyyət dəyişikliyi olduğunu artıq erməni cəmiyyəti başa düşür, amma qətiyyən qəbul etmir. Əks halda, mətbuat səhifələrində belə qeyd olunmazdı.

Etiraz şousunun və İrəvana istiqamətlənən yürüşün məqsədi radikal qüvvələri Paşinyan əleyhinə ayağa qaldırmaqdan ibarətdir

Baş nazir Nikol Paşinyan artıq çoxdan bilir və başa düşür ki, erməni kilsəsinin təxribatlarının alətinə çevrilmiş olsa, kilsənin istədiyini etmiş olsa onun özü də, hakimiyyət komandası da, bütövlükdə erməni xalqı da ciddi problemlərlə üzləşə bilər. Əslində, Nikol buna elə məhz 44 günlük müharibə dönəmində, həmçinin ondan sonra 23 saatlıq anti-terror tədbirləri zamanında əmin olub. Çünki erməni kilsəsinin təxribatlarına alət olan zaman bütövlükdə erməni xalqının nə ilə qarşılaşdığını öz gözləri ilə görüb. Görüb ki, kilsə erməni xalqını da, dövlətini də ancaq itgilərə sürükləyir. Hətta 44 günlük müharibə bitdikdən sonra terrorçuların Azərbaycana məxsus Qarabağ ərazilərində qalmasını kilsənin dəstəkləməsinin sonra nəyin bahasına ona başa gəldiyini də Nikol unudan deyil. Ona görə də qətəyyən kilsənin fikirlərini də, təklifini də hesaba və nəzərə almır. Əksinə, artıq kilsə ilə tam əks mövqedən çıxış edir və bunu gizlətmir də.

Hazırda Ermənistan hakimiyyəti də, erməni cəmiyyəti də başa düşür ki, erməni kilsəsi və onunla əlbir olan Qarabağ klanı birləşib dövlət çevrilişi etmək niyyətindədir. Artıq başa düşülür ki, Azərbaycana məxsus olan 4 kəndin öz sahibinə qaytarılasını bəhanə edərək İrəvanda xaos yaratmaq, Paşinyanı öz postundan uzaqlaşdırmaq, bununla da hakimiyyət dəyişikliyi etmək məqsədi güdülür. İndi sərhəddə etiraz adı altında yaradılan şounun və İrəvana istiqamətlənən yürüşün Ermənistandakı radikal qüvvələri erməni baş nazir Nikol Paşinyan əleyhinə ayağa qaldırmaq niyyəti ilə təşkil olunduğu aydın şəkildə görünür. Amma onların buna nail olacaqları heç də inandırıcı görünmür. Çünki Ermənistan hakimiyyəti, erməni lobbisi və erməni kilsəsi arasında heç bir nəticə verməyən fikir ayrılıqları hər zaman olub və indi də kilsənin nəzərdə tutduğu hansısa nəticəni gözləməyə özünün də ümidi yoxdur, baxmayaraq ki, hələ də son şanslarını sınamaq qərarındadırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə