"Siyasi partiyaların iqtidarla birlikdə olması xalqın bütövlüyünü göstərdi" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Siyasi partiyalar haqqında yeni qanun qəbul olunandan sonra artıq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, Prezidentin köməkçisi Ədalət Vəliyev bir neçə görüş təşkil etmişdi, onlar Şuşaya da getmişdilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, yəni bir növ iqtidar-müxalifət dialoqu Ədalət Vəliyev gələndən sonra kifayət qədər uğurlu həyata keçirilir: "Konstruktiv əməkdaşlıq deyəndə müxalifət partiyalarının əksəriyyəti konstruktiv yanaşır, amma təəssüf ki, destruktiv yanaşanların başında AXCP dayanır.

Onlar bir ara nə qədər Qarabağ alınmamışdı, Qarabağ davası edirdilər. Qarabağ azad edildikdən sonra Xankəndi dedilər. Xankəndidə əməliyyatdan sonra indi də bilmirlər nədən danışsınlar. Bir ara rus sülhməramlılarını dedilər, onlar da gedəndən sonra ortada deyiləcək söz tapmırlar. Ağıllarına nə gəlirsə, danışırlar. Ona görə də görüşə gəlib nə deyəcəkdilər?

Əslində əməkdaşlıq Azərbaycan üçün çox lazımlıdır. Çünki ikinci Qarabağ müharibəsində müxalifət, siyasi partiyaların iqtidarla birlikdə olması xalqın bütövlüyünü göstərdi. Azərbaycan baxmayaraq ki, 3 mindən çox şəhid verdi, ərazi bütövlüyünü bərpa etdi, amma birinci dəfə idi ki, Azərbaycanda verilən şəhidlərlə bağlı şəhid valideynləri sevə-sevə övladlarını vətənə qurban verdiklərini gündəmə gətirirdilər. Görünən odur ki, bu siyasi birliyin, siyasi dialoqun ən böyük əhəmiyyəti bu idi".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə