Test sistemi şagirdləri robotlaşdırır? - EKSPERT AÇIQLADI

Test sistemi şagirdləri robotlaşdırır? - EKSPERT AÇIQLADI

“Azərbaycanda ali təhsil müəssisələrinə qəbul, bir qayda olaraq, bütün dünya ölkələrindən fərqlənir. Azərbaycan yeganə ölkədir ki, burada ixtisaslar üzrə deyil, qruplar üzrə imtahan keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, məhz buna görə də ali təhsil müəssisələrinə qəbul olunanların hər biri birmənalı olaraq yaradıcı mühitdən, düşüncədən, müəyyən düşünmə və tətbiq etmə bacarıqlarından kənarda qalır:

“Bu, onunla əlaqəlidir ki, artıq şagird məktəbə qəbul olunan andan valideyn onun ali təhsil müəssisəsinə necə qəbul olacağı haqqında düşünür. Şagird də yaxşı bilir ki, bunun üçün yaxşı repetitor tutmaq və şablon test hazırlıqları görmək lazımdır. Yəni həmin insan üçün artıq əhatə, çevrə, sosiallaşma, düşüncə və yaradıcı yanaşma anlayışları arxa plana keçir.

Ancaq robot kimi həmin testlərin ətrafında gün keçirmək, onları əzbərləmək və tətbiq etmək əsas məqsədə çevrilir. Artıq Azərbaycan təhsil sistemində test elə bir sistem formalaşdırıb ki, ibtidai sinifdən ali təhsil müəssisəsinə qədər bu vərdiş davam edir. Ən pis halda isə bəzi ali təhsil müəssisələrində də testlə imtahan götürülür.

Bəziləri testlə imtahan keçirməklə yanaşı, açıq tipli suallar da salmaqla, yəni müəllimlə birbaşa təmasa girməklə yazılı suallar vasitəsilə qəbul həyata keçirirlər. Bəziləri isə həmin test tapşırıqlarından hələ də istifadə edirlər.

Ona görə də bizim mövcud təhsil sistemində tələbələrdə düşüncə tərzi, gələcək istiqamətindən asılı olaraq, mühəndislik üçün mühəndislik yaradıcılığı, digər sahələrdə isə inşaatçı, filoloq, tarixçi və digər mütəxəssislər üçün yaradıcı yanaşma formalaşdırmaq əvəzinə, robotlaşmış kadr və mütəxəssis hazırlamaq istiqamətində qurulub.

Ona görə də mən düşünürəm ki, bu sistemdə əlavə dəyişikliklər edilməli, dünya təcrübəsinə söykənən addımlar atılmalıdır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə