"Yeni tədris ilində süni intellektdən istifadə edən şagirdlərin sayının artması təhsil sistemi üçün həm ciddi imkanlar, həm də müəyyən risklər yaradır. Mən bunu daha çox “süni intellektdən istifadə edək, ya etməyək?” sualı kimi deyil, “ondan necə düzgün istifadə etməliyik?” məsələsi kimi qiymətləndirərdim". Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Əlmusa Atamaliyev deyib.
.png)
Onun sözlərinə görə, ən böyük imkanlardan biri təhsilin fərdiləşdirilməsidir: "Süni intellekt şagirdin səviyyəsinə uyğun izah verə, bilmədiyi mövzunu daha sadə formada izah edə, əlavə tapşırıqlar hazırlaya və müəyyən səhvlər üzərində işləməyə kömək edə bilər. Bu baxımdan, xüsusilə müəllimə əlavə dəstəyə ehtiyacı olan şagirdlər üçün süni intellekt faydalı bir köməkçi vasitəyə çevrilə bilər.
Digər mühüm imkan isə müəllimin işinin müəyyən hissəsinin yüngülləşməsidir. Müəllim süni intellektdən dərs planının hazırlanması, tapşırıqların müxtəlif səviyyələrdə tərtib edilməsi və əlavə tədris materiallarının hazırlanması üçün istifadə edə bilər. Beləliklə, müəllim vaxtını daha çox şagirdlə ünsiyyətə, onların inkişafını izləməyə və yaradıcı fəaliyyətlərə yönəldə bilər.
Amma burada riskləri də nəzərdən qaçırmaq olmaz. Ən ciddi problem şagirdin düşünmək əvəzinə hazır cavabı süni intellektə yazdırmasıdır. Əgər şagird esse, məsələ və ya layihəni özü hazırlamaq əvəzinə bütün işi süni intellektə həvalə edirsə, formal olaraq tapşırıq yerinə yetirilmiş olur, amma əsl öyrənmə baş vermir. Bu isə uzunmüddətli perspektivdə tənqidi düşünmə, araşdırma və problem həll etmə bacarıqlarına mənfi təsir göstərə bilər.
Digər risk məlumatların düzgünlüyü ilə bağlıdır. Süni intellekt hər zaman doğru cavab vermir və bəzən kifayət qədər inandırıcı formada yanlış məlumat təqdim edə bilər. Ona görə də şagirdlərə sadəcə süni intellektdən istifadə etməyi deyil, onun verdiyi məlumatı yoxlamağı da öyrətmək lazımdır.
Məncə, yeni tədris ilində əsas məsələ süni intellektdən istifadəyə qadağa qoymaq deyil. Əksinə, məktəblərdə bununla bağlı aydın qaydalar formalaşdırılmalıdır: hansı tapşırıqlarda süni intellektdən istifadə etmək olar, hansı hallarda şagird işi müstəqil yerinə yetirməlidir və istifadə etdiyi halda bunu necə göstərməlidir.
Əslində, süni intellekt müəllimi və şagirdi əvəz edən vasitə yox, onların imkanlarını genişləndirən texnologiya olmalıdır. Əgər biz uşaqlara hazır cavab almağı deyil, düzgün sual verməyi, məlumatı təhlil etməyi, faktları yoxlamağı və öz fikirlərini formalaşdırmağı öyrədə bilsək, süni intellekt təhsil üçün ciddi üstünlüyə çevrilə bilər.
Bu baxımdan, yeni tədris ilinin əsas hədəflərindən biri şagirdlərdə yalnız rəqəmsal savadlılıq deyil, həm də süni intellekt savadlılığı formalaşdırmaq olmalıdır. Çünki gələcəyin təhsilində süni intellektdən istifadə edən yox, ondan düşünərək və məsuliyyətlə istifadə edən şagird daha böyük üstünlüyə malik olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB