“Azyaşlılar və yeniyetmələr bir çox hallarda texnologiyanın ən son imkanlarını mütəxəssis nəzarəti olmadan, kontrolsuz şəkildə öyrənirlər. Bu isə onların müxtəlif xoşagəlməz hallarla üzləşməsi riskini artırır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Turan Hüseynov deyib.
Onun sözlərinə görə, əsas məsələ uşaqların texnologiyadan istifadə edib-etməməsi deyil, ondan düzgün, təhlükəsiz və məqsədyönlü istifadə etməyi öyrənməsidir:
“Bu istiqamətdə dərslərlə yanaşı, məktəb psixoloqları da aktiv fəaliyyətə cəlb edilməlidir. Medianın dəstəyini də unutmaq olmaz. Xüsusilə televiziya kanallarında uşaqların və valideynlərin rəqəmsal təhlükəsizliklə bağlı maarifləndirilməsinə yönəlmiş verilişlərin hazırlanmasını zəruri hesab edirəm. Süni intellektlə bağlı təhsil sistemində müəyyən hazırlıq və adaptasiya prosesi gedir. Artıq şagird və tələbələrin dərslərə hazırlıq zamanı süni intellekt alətlərindən istifadə etməsi danılmaz faktdır. Süni intellekt çox sürətlə inkişaf etdiyi üçün təhsil proqramlarının da bu dəyişikliklərə uyğunlaşdırılması vacibdir.
Burada məqsəd şagirdə sadəcə hər hansı süni intellekt proqramından istifadə etməyi öyrətmək deyil. Ona süni intellektin imkanlarını düzgün qiymətləndirməyi, əldə etdiyi məlumatları yoxlamağı, bu texnologiyadan etik və məsuliyyətli şəkildə istifadə etməyi öyrətmək əsas hədəf olmalıdır.
Düşünürəm ki, yaxın illərdə rəqəmsal savadlılıq və süni intellekt bacarıqlarının təhsil proqramlarında daha geniş yer alması qaçılmazdır. Azərbaycan təhsil sisteminin də bu qlobal prosesə uyğunlaşmaq üçün kifayət qədər potensialı var.
Əsas məsələ texnologiyanı təhsilin məqsədinə çevirmək deyil, onu şagirdlərin daha yaxşı öyrənməsi, yaradıcı düşünməsi və gələcəyin əmək bazarına hazırlanması üçün effektiv vasitəyə çevirməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB