"İmtahan ballarının artıb-azalmasına bir neçə amil təsir edir" - TƏHSİL EKSPERTİ

"İmtahan ballarının artıb-azalmasına bir neçə amil təsir edir" - TƏHSİL EKSPERTİ

"İmtahan nəticələrinin yüksək və ya aşağı olması, əlbəttə ki, sualların çətinlik səviyyəsindən, həmin dövrün abituriyentlərinin hazırlıq səviyyəsindən və plan yerlərinin sayından asılıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, yəni balların artması və ya azalması ümumilikdə bütün bu amillərin təsiri nəticəsində formalaşır:

"Əgər imtahan sualları çətin olarsa, ballar aşağı düşür, suallar nisbətən asan olarsa, abituriyentlər daha yaxşı nəticə göstərir və ballar yüksəlir. Bu, reallıqdır. Məsələn, biz bunu bu il IV ixtisas qrupunda gördük. IV qrupda 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı çox oldu. Abituriyentlərin yüksək nəticə göstərməsi həmin ixtisaslarda keçid ballarının təxminən 15-20 bal artmasına səbəb oldu.

III ixtisas qrupunda isə hüquq ixtisası üzrə balların aşağı düşməsi başqa bir mənzərəni göstərdi. Bu il III qrupda yüksək bal toplayan abituriyentlərin sayı əvvəlki dövrlə müqayisədə az idi. Buna görə də hüquq ixtisasında keçid ballarında müəyyən azalma müşahidə olundu.

Ümumilikdə, balların artması və ya azalması, ilk növbədə, sualların asan və ya çətin olmasından asılıdır. Bununla yanaşı, plan yerlərinin sayı da mühüm rol oynayır. Əgər plan yerlərinin sayı artırsa, keçid ballarında müəyyən azalma baş verə bilər. Əksinə, plan yerlərinin sayı azalarsa, balların yüksəlməsi müşahidə olunur.

Həmin ilin abituriyentlərinin bilik və hazırlıq səviyyəsi də nəticələrə ciddi təsir göstərir. Məsələn, bu il III ixtisas qrupunda, xüsusilə aşağı ballar üzrə abituriyentlərin sayının çox olduğunu gördük. 300 baldan aşağı nəticə göstərən abituriyentlərin sayının çox olması 350 baldan aşağı nəticələr üzrə keçid ballarının yüksələcəyinə müəyyən əsas verirdi. Nəticədə həmin aralıqda ballarda təxminən 20-25 bal artım müşahidə olundu.

Ona görə də bu prosesi birbaşa təhsilin keyfiyyəti ilə əlaqələndirmək düzgün olmaz. Çünki burada əsas amil abituriyentlərin həmin ilki hazırlıq səviyyəsidir. Abituriyentlərin repetitor yanına getməsi, hazırlıq prosesi və keçdikləri dərslərin nəticəsi də müəyyən rol oynayır və bu göstəricilər ildən-ilə dəyişə bilər.

Lakin mən bu məsələdə əsas amili daha çox imtahan suallarının çətinlik səviyyəsi ilə əlaqələndirərdim. Çünki repetitor hazırlığı, ümumilikdə, hər il davam edir. Dəyişən əsas məqamlardan biri Dövlət İmtahan Mərkəzinin imtahan suallarının səviyyəsidir.

Məsələn, ötən il buraxılış imtahanında sualların nisbətən asan olması abituriyentlərin daha yüksək nəticələr göstərməsinə imkan verdi. Bu il isə buraxılış imtahanında suallar bir qədər çətinləşdirilmişdi və nəticələr də buna uyğun olaraq aşağı oldu.

Blok imtahanında da oxşar vəziyyət müşahidə edildi. Birinci cəhd nisbətən çətin oldu, ikinci cəhd isə daha asan idi. Bu da xüsusilə IV ixtisas qrupunda abituriyentlərin daha yüksək nəticə göstərməsinə və 600-dən yuxarı bal toplayanların sayının artmasına təsir etdi.

Beləliklə, keçid ballarının formalaşmasına bir faktor deyil, bir neçə amil birlikdə təsir göstərir. Lakin əsas göstəricilər abituriyentlərin həmin ilki nəticələri, yüksək, orta və aşağı bal toplayanların sayı, imtahan suallarının çətinlik səviyyəsi və plan yerlərinin həcmidir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə