"Yüksək imtahan balı təhsilin keyfiyyətini müəyyən edən yeganə meyar deyil" - EKSPERT

"Yüksək imtahan balı təhsilin keyfiyyətini müəyyən edən yeganə meyar deyil" - EKSPERT

"Mən hesab edirəm ki, yüksək imtahan nəticəsi şagirdin müəyyən bilik və bacarıqlara yaxşı səviyyədə yiyələndiyini göstərən mühüm göstəricidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Əlmusa Atamalıyev deyib.

Onun sözlərinə görə, lakin yalnız yüksək bal əsasında şagirdin keyfiyyətli təhsil aldığını söyləmək düzgün olmaz: "Çünki təhsilin keyfiyyəti yalnız şagirdin imtahanda neçə bal toplaması ilə deyil, həmin bilikləri nə dərəcədə mənimsəməsi və real həyatda tətbiq edə bilməsi ilə də ölçülməlidir.

Belə ki, imtahan nəticələri əsasən şagirdin proqram üzrə nəzəri biliklərini, məntiqi düşünmə və verilmiş tapşırıqları müəyyən müddət ərzində həll etmə bacarığını ortaya qoyur. Bu, əlbəttə ki, vacibdir. Lakin müasir təhsil sisteminin qarşısında duran əsas məqsəd yalnız imtahanda yüksək nəticə göstərən şagird yetişdirmək deyil. Əsas məqsəd öyrəndiklərini təhlil edə bilən, real problemlərə həll yolu tapa bilən, müstəqil qərar qəbul edən və əldə etdiyi bilikləri praktik vəziyyətlərdə tətbiq edə bilən, tənqidi düşüncə qabiliyyətinə malik fərd formalaşdırmaqdır.

Məsələn, şagird riyaziyyatdan yüksək nəticə göstərə və mürəkkəb test tapşırıqlarını uğurla həll edə bilər. Amma həmin şagird gündəlik həyatda büdcə planlaşdırmaq, faiz və kredit hesablamaları aparmaq və ya qarşısına çıxan real problemi riyazi yanaşma ilə həll etməkdə çətinlik çəkirsə, bu zaman onun yalnız imtahan nəticəsinə əsaslanaraq yüksək keyfiyyətli təhsil aldığını demək tam doğru olmaz.

Eyni yanaşmanı digər fənlərə də tətbiq etmək mümkündür. Məsələn, kimyanı əzbər şəkildə yaxşı bilən şagirdin laboratoriya şəraitində həmin biliklərdən istifadə edə bilməsi, informatika üzrə yüksək nəticə göstərən şagirdin isə öyrəndiyi proqramlaşdırma bilikləri ilə real layihə hazırlaya bilməsi təhsilin daha dərindən mənimsənildiyini göstərir.

Bu baxımdan, şagirdin təhsil nailiyyətlərini qiymətləndirərkən imtahan nəticələri ilə yanaşı, praktiki tətbiq, layihə fəaliyyəti, problem həll etmə, tənqidi və yaradıcı düşünmə, kommunikasiya və komanda ilə işləmək bacarıqları da nəzərə alınmalıdır.

Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Yüksək imtahan nəticəsini kiçiltmək də doğru deyil. Yüksək bal şagirdin əməyi, intizamı və müəyyən akademik hazırlıq səviyyəsinin göstəricisidir. Sadəcə, biz bunu təhsilin bütün keyfiyyətini müəyyən edən yeganə meyar kimi qəbul etməməliyik.

Məncə, keyfiyyətli təhsilin əsas göstəricisi şagirdin “nə qədər bildiyi” ilə yanaşı, “bildiklərindən nə dərəcədə istifadə edə bildiyidir”. Əgər şagird öyrəndiyi məlumatı əzbərləməklə kifayətlənmir, onu analiz edir, yeni vəziyyətlərə tətbiq edir və real problemlərin həllində istifadə edə bilirsə, artıq burada daha keyfiyyətli və nəticəyönümlü təhsildən danışmaq mümkündür.

Yəni yüksək imtahan balı uğurun mühüm göstəricisidir, amma təhsilin son məqsədi deyil. Əsl təhsil imtahan zalından kənarda – şagirdin gündəlik həyatda, gələcək peşəsində və qarşılaşdığı real problemlərdə əldə etdiyi biliklərdən necə istifadə etməsi ilə özünü göstərir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə