"İxtisas seçimi ali təhsilə qəbul prosesinin son mərhələsi deyil, əslində insanın gələcək peşə həyatının təməlini qoyan ən mühüm qərarlardan biridir" . Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Əlmusa Atamalıyev deyib.

Onun sözlərinə görə, təəssüf ki, bir çox abituriyent bu mərhələdə yalnız topladığı bala və ya ötən ilin keçid balına əsaslanaraq seçim edir: "Halbuki düzgün ixtisas seçimi bir neçə mühüm amilin birlikdə qiymətləndirilməsi ilə aparılmalıdır.
O bildirib ki, ilk növbədə, abituriyent öz maraq dairəsini və bacarıqlarını düzgün təhlil etməlidir. Məsələn, riyazi təfəkkürü güclü olan, analitik düşünən bir gəncin yalnız "hüquq prestijlidir" deyə həmin sahəni seçməsi gələcəkdə peşə məmnuniyyətsizliyinə səbəb ola bilər. Əksinə, həmin abituriyent informasiya texnologiyaları, mühəndislik və ya data analitikası kimi sahələrdə daha uğurlu karyera qura bilər.
İkinci vacib amil əmək bazarının tələbləridir. Bugünkü bazarda yalnız diplom kifayət etmir. İşəgötürənlər praktik bacarıqlara, xarici dil biliklərinə, rəqəmsal kompetensiyalara və problem həll etmə qabiliyyətinə üstünlük verirlər. Buna görə də ixtisas seçərkən "5 ildən sonra bu sahəyə ehtiyac olacaqmı?" sualına da cavab axtarmaq lazımdır.
Üçüncü məsələ universitet seçimidir. Eyni ixtisas müxtəlif ali məktəblərdə fərqli tədris imkanları, laboratoriyalar, təcrübə proqramları və beynəlxalq əməkdaşlıqlar təqdim edir. Buna görə də yalnız ixtisasın adına deyil, onu tədris edən universitetin keyfiyyət göstəricilərinə də diqqət yetirilməlidir.
Nümunə: Təsəvvür edək ki, abituriyent 520 bal toplayıb. Onun qarşısında kompüter mühəndisliyi və iqtisadiyyat ixtisası arasında seçim var. Əgər məktəb illərindən proqramlaşdırmaya maraq göstəribsə, müxtəlif layihələr hazırlayıbsa və analitik düşüncə qabiliyyəti yüksəkdirsə, kompüter mühəndisliyi onun üçün daha doğru seçim ola bilər. Yox, əgər maliyyə, biznes və idarəetmə sahəsinə marağı varsa, iqtisadiyyat istiqamətində inkişaf etməsi daha məqsədəuyğundur. Yəni eyni bal müxtəlif insanlar üçün fərqli qərarlar doğura bilər.
Mən həmişə vurğulayıram ki, ixtisas seçimi bal seçimi deyil, gələcək həyat seçiminin başlanğıcıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB