Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu üzrə ixtisas seçimi avqustun 9-u saat 23:59-dək davam edəcək.

Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, abituriyentlər müəyyən olunmuş müddətədək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək ərizələrini təsdiqləməlidirlər.

Avqustun 7-si saat 10:05-ə olan məlumata əsasən, artıq 7452 abituriyent elektron ixtisas seçimi ərizəsini təsdiqləyib. Onlardan 7099-ü Azərbaycan, 353-ü isə rus bölməsi üzrə müraciət edib.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunub.

Abituriyentlər ixtisas seçimi zamanı DİM-in abituriyent məsləhət mərkəzlərinə də müraciət edə bilərlər. Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki, Milli Konservatoriya, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət Aqrar, Sumqayıt Dövlət universitetlərində, həmçinin DİM-in regional bölmələrində fəaliyyət göstərən mərkəzlərdə müsabiqə iştirakçılarına ödənişsiz məsləhət xidməti göstərilir.

Müsabiqədə yalnız elektron ixtisas seçimi ərizəsini təsdiq etmiş şəxslər iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə