"Yeni texnologiyalar əmək bazarında yeni peşələr formalaşdırır" - TƏHSİL EKSPERTİ

"Yeni texnologiyalar əmək bazarında yeni peşələr formalaşdırır" - TƏHSİL EKSPERTİ

"Bu gün əmək bazarında hansı peşənin daha yaxşı, hansının daha prestijli və ya daha çox gəlir gətirdiyi barədə qəti fikir söyləmək çətindir. Çünki hər kəsin seçdiyi peşə onun üçün dəyərlidir və insanlar adətən öz peşələrini daha nüfuzlu hesab edirlər. Ona görə də bu məsələyə daha ümumi prizmadan yanaşmaq daha məqsədəuyğundur".

Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, hazırda əmək bazarında yüksək tələbat olan və yaxşı gəlir vəd edən peşələrdən biri alternativ enerji sahəsidir:

"Xüsusilə günəş enerjisi qurğularının quraşdırılması ilə məşğul olan elektriklər, montajçılar, çilingərlər, eləcə də həmin sistemlərə texniki xidmət göstərən mütəxəssislərə ciddi ehtiyac var. Alternativ enerji sektoru Azərbaycanda sürətlə inkişaf edir. Lakin bu sahə hələ də gənclər arasında kifayət qədər tanınmır.

Düzdür, peşə təhsil mərkəzlərində artıq bu istiqamətdə müəyyən proqramlar həyata keçirilir, yeni ixtisaslar yaradılır və müzakirələr aparılır. Ancaq ali təhsil müəssisələrində bu sahəyə marağın artırılması istiqamətində hələ də ciddi təşviq və geniş məlumatlandırma işləri müşahidə olunmur. Halbuki bu, gələcəyin ən perspektivli istiqamətlərindən biridir.

Tələbat yüksək olan sahələrdən biri də hibrid və elektrik avtomobillərinin təmiri ilə bağlı peşələrdir. Bu avtomobillərin elektrik sistemləri üzrə mütəxəssislər, diaqnostika ustaları və çilingərlər bu gün əmək bazarında çox qısa müddətdə iş tapa bilirlər. Sevindirici haldır ki, bu ixtisaslar artıq peşə təhsil mərkəzlərində də tədris olunur.

Təbii ki, bu sahələrin daha geniş inkişafı üçün maddi-texniki imkanların artırılmasına ehtiyac var. Məsələn, alternativ enerji üzrə ixtisaslı müəllimlərin sayı hələ də kifayət qədər deyil. Bu istiqamətdə kadr hazırlığının gücləndirilməsi vacibdir.

Ümumilikdə hesab edirəm ki, hazırda Azərbaycan əmək bazarında ən yüksək gəlir vəd edən istiqamətlərdən biri məhz alternativ enerji və hibrid nəqliyyat vasitələrinə xidmət sahəsidir. Bununla yanaşı, elə peşələr də var ki, onların gəlirliliyi konkret şəxsin bacarığından, peşəkarlığından və fəaliyyət göstərdiyi sahədən asılıdır. Buna görə də bütün peşələri eyni meyarla qiymətləndirmək və ya təsnifatlaşdırmaq doğru olmaz".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə