Elmi əsərlərə həmmüəlliflik yeni beynəlxalq standartın tələblərinə əsasən müəyyənləşdiriləcək
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Ramiz Alıquliyev institutun elmi seminarında “Elmi etika və CRediT sistemi” mövzusunda çıxış edib.
Bu barədə SİA-ya institutdan məlumat verilib.
R. Alıquliyev çıxışı zamanı qeyd edib ki, “CRediT” (Contributor Roles Taxonomy – tədqiqata töhfə rollarının sistemləşdirilməsi) sistemi beynəlxalq akademik aləmdə ədaləti və şəffaflığı təmin edən mühüm mexanizmdir. Bu sistem 2012-ci ildə Harvard Universiteti və “Wellcome Trust” fondunun təşəbbüsü ilə yaradılıb və artıq “Elsevier”, “Springer” kimi nəşriyyatlar tərəfindən geniş istifadə olunur. Alim bildirib ki, ənənəvi yanaşma alimlərin real əməyini bəzi hallarda nəzərə almırdısa, “CRediT” sistemi hər müəllifin töhfəsini dəqiq göstərməklə elmi etikada yeni səhifə açır.
Şöbə müdiri əlavə edib ki, bu sistem elmi məqalələrin hazırlanması prosesində müəlliflərin 14 fərqli rolunu və statusunu müəyyən edir. Buraya ideyanın formalaşdırılması ilə yanaşı, məsələnin qoyuluşu, metodologiyanın hazırlanması, eksperimentlərin aparılması, nəticələrin yoxlanılması və digər istiqamətlər daxildir. Bu yeni yanaşma sayəsində hər bir alimin-müəllifin elmi əsərə verdiyi xüsusi töhfə və pay tam şəffaf şəkildə müəyyən edilir.
“CRediT” sistemi elmi məqalələrdə gənc alimlərin əməyinin kölgədə qalmaması, uğurun, şöhrətin yalnız tanınmış alimlərin adına yazılmaması, eyni zamanda, müəyyən maraqlar naminə saxta həmmüəlliflik hallarının qarşısının alınması üçün müstəsna rol oynayır. Bu sistem həm də alimlərin məsuliyyətini artırır, həmmüəlliflik mübahisələrini ədalətli şəkildə həll edir.
Ramiz Alıquliyev bildirib ki, “CRediT” sistemi həmmüəlliflərin yalnız töhfələrini deyil, həm də onların məsuliyyətini dəqiq müəyyənləşdirir. Belə ki, məqalədə hər hansı plagiat halları aşkarlanarsa, məsuliyyəti bütün müəlliflər deyil, yalnız həmin bölməyə cavabdeh tədqiqatçılar çəkəcək.
Həmçinin qeyd olunub ki, gələcəkdə beynəlxalq elmi bazalar və elmmetrik platformalar alimləri məqalə sayına görə deyil, “CRediT” sistemi əsasında müəyyən olunmuş töhfələrə görə dəyərləndirəcək.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev mövzu ilə bağlı çıxış edərək bildirib ki, elmi məqalələrdə hər kəsin töhfəsini dəqiq göstərən beynəlxalq “CRediT” sistemi artıq əsas beynəlxalq standarta çevrilib. Bu sistem elmi qiymətləndirmələri daha şəffaf və ədalətli müəyyən edir. Buna görə də həmin yeniliyin ölkəmizin bütün elm və təhsil ocaqlarında geniş tətbiq olunması beynəlxalq elmi mühitə inteqrasiyasında, həmçinin müəllif hüquqlarının obyektiv təmin olunmasında, intellektual mülkiyyətdə tədqiqatçıların paylarının müəyyən edilməsində, elmi etik-hüquqi münasibətlərin inkişaf etdirilməsində böyük əhəmiyyətə malik olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB