150 balla seçilə biləcək ixtisasların siyahısı açıqlanıb - RƏSMİ

150 balla seçilə biləcək ixtisasların siyahısı açıqlanıb - RƏSMİ

Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin müsabiqədə iştirak edə biləcəyi ixtisasların siyahısı açıqlanıb.

SİA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, I ixtisas qrupu üzrə meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ixtisaslarında, 2026-cı ildən etibarən isə kompüter mühəndisliyi, informasiya texnologiyaları, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisaslarında ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən, ikinci mərhələ üzrə balı isə 50-dən az olmayan abituriyentlər buraxılacaqlar. Dövlət sifarişi üzrə bu göstəricilər müvafiq olaraq 200 və 100 baldır.

Bildirilib ki, aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, eləcə də zoomühəndislik ixtisaslarında əvvəlki illərdə olduğu kimi həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində 150 bal tələbi qüvvədə qalır.

Məleykə Abbaszadə qeyd edib ki, II ixtisas qrupu üzrə marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisasları ilə yanaşı, 2026-cı ildən mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, həmçinin nəqliyyatda servis ixtisaslarında da eyni bal tələbi tətbiq ediləcək.

O əlavə edib ki, III ixtisas qrupu üzrə muzey, arxiv işi və abidələrin qorunması, sosial iş və regionşünaslıq ixtisaslarında, IV ixtisas qrupu üzrə isə ekologiya ixtisasında ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən və ikinci mərhələ üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər.

Bundan başqa, IV ixtisas qrupu üzrə bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul zamanı da həmin bal tələbi tətbiq olunacaq.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə