Məzunlar niyə kolleclərə üstünlük vermir? - ŞƏRH

Məzunlar niyə kolleclərə üstünlük vermir? - ŞƏRH

Orta ixtisas təhsili müəssisələrində plan yerlərinin bir hissəsi bu il də boş qalıb. Statistikaya görə, həm 9 illik, həm də 11 illik baza üzrə qəbul planlarında yüzlərlə yer dolmayıb. Bu isə kolleclərə marağın azalmasının səbəbləri və bəzi ixtisasların əmək bazarındakı rolunu yenidən gündəmə gətirir. Bəs kolleclərdə boş qalan plan yerlərinin əsas səbəbi nədir? Plan yerlərinin boş qalmasının əsas səbəbləri nələrdir? Kolleclərdəki ixtisaslar bu gün əmək bazarının tələblərinə nə dərəcədə cavab verir? Gənclərin kolleclərə marağı niyə azalır? Kolleclərin məzunları üçün iş imkanları və karyera perspektivləri nə dərəcədə cəlbedicidir?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qruplar üzrə imtahanların keçirilməsi ilə bağlıdır:

“Bildiyiniz kimi, artıq Azərbaycanda ali təhsil müəssisələrinə, kolleclərə və digər təhsil pillələrinə qəbul hər kəsin arzusuna və istəyinə uyğun deyil. Qəbul Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi ixtisas qrupları üzrə aparılır. Buna görə də bir çox abituriyent arzuladığı ixtisasa deyil, topladığı bala uyğun ixtisas seçmək məcburiyyətində qalır.

Kolleclərlə bağlı məsələyə gəldikdə isə, hesab edirəm ki, Azərbaycanda ən uğursuz təhsil pillələrindən biri məhz kolleclərdir. Çünki kollecləri bitirənlərin əksəriyyəti əmək bazarında özünə uyğun iş tapa bilmir. Elə buna görə də son bir neçə ildə kolleclərdə boş qalan plan yerlərinin sayı kifayət qədər artıb.

Düşünürəm ki, bu tendensiya qarşıdakı dövrdə də davam edəcək, hətta daha da güclənəcək. Çünki peşə təhsili müəssisələrinə göstərilən diqqət kollecləri müəyyən qədər kölgədə qoyub. Dövlət tərəfindən peşə təhsili sahəsinə investisiyaların qoyulması, maddi-texniki bazanın yenilənməsi, məzunların məşğulluq imkanlarının artırılması bu sahəyə marağı yüksəldib.

Bundan başqa, hazırda Azərbaycanda əmək bazarında çatışmayan bir sıra ixtisaslar var. Məsələn, alternativ enerji sahəsində, günəş panellərinin quraşdırılması, çilingərlik, elektrik və digər texniki peşələr üzrə mütəxəssislərə ciddi ehtiyac duyulur. Peşə təhsili müəssisələrində bu sahələr üzrə daha qısa müddətdə hazırlıq keçmək, diplom almaq və əmək bazarına daxil olmaq mümkündür.

Bu baxımdan hesab edirəm ki, peşə təhsilinə göstərilən diqqət kollecləri müəyyən qədər arxa planda qoyub. Düzdür, kolleclərlə bağlı müəyyən islahatlar aparılır, rəhbərliklər dəyişdirilir, tədris proqramları yenilənir. Amma məncə, bunlar hələ kifayət etmir. Çünki kolleclərin imici artıq ciddi şəkildə zədələnib və bu da məzunların gələcək karyera imkanlarına mənfi təsir göstərir.

Digər tərəfdən, bildiyiniz kimi, pedaqoji kadr hazırlığı artıq kolleclərdə həyata keçirilmir. Nəticədə kolleclərdə əmək bazarının tələblərinə tam cavab verməyən ixtisaslar üstünlük təşkil edir. Buna görə də hesab edirəm ki, bu il də kolleclərdə boş qalan plan yerlərinin sayı əvvəlki illərlə müqayisədə daha çox olacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə