AR Hesablama Palatası və ETN İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub - FOTOLAR

AR Hesablama Palatası və ETN İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub - FOTOLAR

Müasir dövrdə rəqəmsal transformasiya və IV Sənaye İnqilabının yaratdığı yeni reallıqlar fonunda rəqəmsal və süni intellekt texnologiyalarının inkişafı və tətbiqinin genişləndirilməsi Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu istiqamətdə rəqəmsal siyasətin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumları qarşısında mühüm vəzifələr müəyyənləşdirilmişdir.

SİA xəbər verir ki, bu çağırışlardan irəli gələrək AR Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinin tərkibinə Hesablama Palatasının Aparat rəhbəri Tamerlan Yusifzadə, şöbə müdiri Zəfər Rzayev, şöbə müdirinin müavini Vasif Rəsulov, sektor müdiri İbiş İbişzadə daxil idi.

Görüşün əsas məqsədi ETN İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə tanışlıq, Hesablama Palatasında rəqəmsal texnologiyaların tətbiqi sahəsində görülən işlər və gələcəkdə nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparmaq, eləcə də rəqəmsal transformasiya istiqamətində dövlət siyasətindən irəli gələn vəzifələrin icrası çərçivəsində əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarət idi.

Əvvəlcə nümayəndə heyəti İnstitutda yaradılmış maddi-texniki bazanın vəziyyəti, elmi və texnoloji mərkəzlərin fəaliyyəti, eləcə də burada tətbiq olunan innovativ həllərlə yaxından tanış olub.

Görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevİnformasiya Texnologiyaları İnstitutunun yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, elmi-innovativ layihələri, dövlətin strateji prioritetlərinə, milli maraqlara uyğun aparılan tədqiqatlar, elm və təhsilin inteqrasiyası, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, o cümlədən elmin populyarlaşdırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Akademik Rasim Əliquliyev İnstitutun İKT-nin müasir problemlərinə dair multidissiplinar elmi tədqiqatlar aparan bir qurum olduğunu, burada qabaqcıl informasiya texnologiyaları, süni intellekt, rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının aktual elmi-nəzəri və tətbiqi problemlərinin dərindən araşdırıldığını vurğulayıb.

Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək Palatanın ölkədə kənar dövlət maliyyə nəzarəti orqanı kimi fəaliyyət göstərdiyini, dünyanın müxtəlif ölkələrinin ali audit qurumları, eləcə də aidiyyəti yerli dövlət qurumları ilə tərəfdaşlıq əlaqələri qurduğunu bildirib. Vüqar Gülməmmədov Hesablama Palatasında fəaliyyətin informasiya sistemləri əsasında təkmilləşdirildiyini, həmçinin qurum tərəfindən növbəti dövrü əhatə edən rəqəmsallaşma üzrə inkişaf konsepsiyasının hazırlandığını diqqətə çatdırıb. Palata sədri bu prosesdə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və innovativ yanaşmaların formalaşdırılması üçün ETN İnformasiya Texnologiyaları İnstitutu tərəfindən elmi-metodiki dəstəyin göstərilməsinin mühüm töhfə verəcəyinə inamını ifadə edib.

Tədbirdə həmçinin Hesablama Palatasının şöbə müdirinin müavini Vasif Rəsulov təqdimatla çıxış edərək Hesablama Palatasında daxili idarəetmə və audit proseslərinin rəqəmsallaşdırılmasında tətbiq olunan əsas elektron sistemlər – Audit Fəaliyyətinin İdarəolunması Sistemi, Dövlət Auditi İnformasiya Sistemi, eləcə də Resursların İdarə olunmasının Daxili Elektron Sistemi, həmçinin yeni yaradılan informasiya sistemi haqqında ətraflı məlumat verib.

Sonda çıxış edən akademik Rasim Əliquliyev göstərilən etimada görə Hesablama Palatası rəhbərliyinə təşəkkürünü bildirib, institutun rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində Hesablama Palatasına elmi-metodiki dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Görüşdə tərəflər arasında birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə