“Artıq magistraturaya ixtisas seçimi ilə bağlı müddət başa çatıb. Yəni Dövlət İmtahan Mərkəzi tərəfindən əlavə vaxt da nəzərə alınmaqla ixtisas seçimi prosesi yekunlaşıb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin elan etdiyi plan yerlərinə əsasən yenə də 3–5 min arasında yerin boş qalacağı proqnozlaşdırılır:
“Bu, artıq 23 min nəfərin magistraturaya sənəd verməsinə baxmayaraq, növbəti mərhələyə keçənlərin sayında da özünü göstərir.
Digər tərəfdən, əmək bazarının tələbləri buna ciddi təsir edir. Xüsusilə əmək bazarında ən çox yer alan pedaqoji ixtisaslarda magistr dərəcəsi tələb olunmur. Buna görə də ali təhsil müəssisələrini bitirən bakalavrların əksəriyyəti magistratura səviyyəsində təhsillərini davam etdirməyə maraq göstərmirlər.
Artıq hətta dövlət sifarişli yerlərin də boş qalması bunu təsdiqləyir. Ötən ilin nəticələrinə əsasən bunu rahatlıqla demək mümkündür və mənim proqnozuma görə, bu il də 3–5 min arasında boş yer qalacaq.
Bu isə o deməkdir ki, magistraturada ixtisas seçimi ilə bağlı mövcud vəziyyətə ciddi təsir gözlənilmir. Çünki boş qalan yerlərlə bağlı artıq ikinci mərhələ nəzərdə tutulub və həmin mərhələdə də müəyyən sayda yerin boş qalacağı ehtimal edilir. Ola bilər ki, Dövlət İmtahan Mərkəzi boş qalan yerlərlə bağlı əlavə qəbul elan etsin. Lakin hesab edirəm ki, bu, ümumi mənzərəni ciddi şəkildə dəyişməyəcək.
Çünki Azərbaycanda magistratura səviyyəsində təhsil almağa maraq göstərənlərin sayı getdikcə azalır. Bunun əsas səbəblərindən biri əmək bazarında magistr dərəcəsinə olan tələbin zəif olmasıdır. Magistratura təhsilinə əsasən elmi fəaliyyətini davam etdirmək və ya gələcəkdə yüksək vəzifələrdə çalışmaq istəyən şəxslər maraq göstərirlər.
Bu gün əmək bazarında ən böyük tələbat olan müəllimlik ixtisaslarında da magistr dərəcəsi tələb olunmadığı üçün pedaqoji istiqamətlər üzrə elan olunan magistratura yerləri kifayət qədər cəlbedici görünmür.
Digər bir məsələ isə ondan ibarətdir ki, bəzi ali təhsil müəssisələrində, xüsusilə özəl universitetlərdə magistratura səviyyəsində yüksək akademik nəticələr əldə etmək üçün yetərli imkanlar yoxdur. Buna baxmayaraq, həmin ali təhsil müəssisələri də digər universitetlər kimi hər il magistratura üzrə qəbul elan edirlər.
Bundan başqa, bu il Naxçıvan Müəllimlər İnstitutu və Bakı Qızlar Universiteti magistraturaya qəbul apara bilməyəcəklər. Bu məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi artıq rəsmi mövqeyini açıqlayıb və həmin ali təhsil müəssisələrində magistraturaya qəbulun aparılmayacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB