“İxtisas seçimi zamanı yalnız toplanmış bala uyğun seçim etmək kifayət deyil“ -EKSPERT DANIŞDI
”İxtisas seçimi dövründə həm abituriyentlərə, həm də valideynlərə tövsiyə edirəm ki, bu sahədə peşəkar olmayan şəxslərin məsləhətlərinə kor-koranə inanmasınlar. Doğrudur, ixtisas seçimi üzrə uzun illər təcrübəsi olan mütəxəssislər var. Lakin təəssüf ki, bu sahəni yalnız qazanc mənbəyinə çevirən insanlar da az deyil”.
Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Murad bildirib.
Onun sözlərinə görə, son vaxtlar xüsusilə sosial şəbəkələrdə hər kəs canlı yayım açaraq ixtisas seçimi ilə bağlı müxtəlif fikirlər səsləndirir:
”Halbuki düzgün istiqamətləndirmə aparmaq üçün təkcə “Abituriyent” jurnalına baxmaq kifayət etmir. Bunun üçün əvvəlki illərin qəbul statistikası, plan yerləri, keçid balları, ixtisasların dinamikası və digər rəsmi məlumatlar müqayisəli şəkildə təhlil olunmalıdır. Bu məlumatlar olmadan verilən məsləhətlər yanlış nəticələrə səbəb ola bilər.
Bu səbəbdən valideynlərə və abituriyentlərə tövsiyəm odur ki, əgər ixtisas seçimini özləri edə bilirlərsə, bunu müstəqil şəkildə həyata keçirsinlər. Əgər peşəkar dəstəyə ehtiyac duyurlarsa, müraciət edəcəkləri şəxsi əvvəlcədən araşdırsınlar, onun neçə illik təcrübəyə malik olduğunu, əvvəlki fəaliyyətini və etibarlılığını öyrənsinlər. Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin fəaliyyət göstərən Məsləhət Mərkəzlərinə müraciət edərək rəsmi və etibarlı dəstək ala bilərlər.
İxtisas seçimi zamanı yalnız toplanmış bala uyğun seçim etmək kifayət deyil. Abituriyentin maraqları, bacarıqları, gələcək peşə hədəfləri və əmək bazarının tələbatı da mütləq nəzərə alınmalıdır. Təəssüf ki, bu gün əmək bazarında öz ixtisası üzrə çalışmayan insanların sayı kifayət qədər çoxdur. Bunun əsas səbəblərindən biri də yanlış ixtisas seçimidir.
Məhz buna görə də gələcəkdə perspektivli olan, əmək bazarında tələbatı yüksək olan və eyni zamanda abituriyentin maraq göstərdiyi sahələrə üstünlük verilməlidir. Abituriyentin həmin ixtisası həvəslə oxuyacağı, gələcəkdə bu sahədə işləmək istəyəcəyi və əldə etdiyi biliklərdən istifadə edə biləcəyi əvvəlcədən qiymətləndirilməlidir.
Yalnız bütün bu amillər hərtərəfli təhlil edildikdən sonra ixtisas seçimi həyata keçirilməlidir. Bu, həm uğurlu tələbə həyatı, həm də gələcək peşə karyerası üçün ən doğru yanaşmadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə


USD
EUR
GBP
RUB