“Valideynlərin bağça seçimi ilə bağlı son dövrlərdə bir sıra yeni təşəbbüslər həyata keçirilib və bu istiqamətdə Elm və Təhsil Nazirliyinin qrant layihəsi mövcuddur. Layihəyə əsasən, valideynlər övladlarını özəl məktəbəqədər təhsil müəssisələrinə də yerləşdirə bilərlər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Onun sözlərinə görə, bu addım məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesini asanlaşdırmaq məqsədi daşıyır:
“Məlumdur ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələri hazırda əhalinin təxminən 30 faizinin tələbatını ödəyir. Özəl bağçalarda ödənişlərin yüksək olması həm ictimai narazılığa səbəb olurdu, həm də yeni dövlət bağçaları fəaliyyətə başlayana qədər alternativ dəstək mexanizminə ehtiyac yaranmışdı. Bu səbəbdən Elm və Təhsil Nazirliyi qrant layihəsi ilə çıxış edib.
Bu yaxınlarda Nazirlər Kabinetinin də məsələ ilə bağlı müvafiq qərarı qəbul olunub. Qərara əsasən, layihəyə qoşulan özəl məktəbəqədər təhsil müəssisələrində ödənişin 70 faizi dövlət tərəfindən qarşılanacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də bu mexanizmin tətbiqi ilə bağlı açıqlama verib. Bununla özəl bağçalarda ödənişlərin müəyyən qədər tənzimlənməsi nəzərdə tutulur. Çünki bəzi hallarda qiymətlər süni şəkildə yüksək müəyyən edilirdi.
Layihəyə əsasən, Bakı şəhərində aylıq ödənişin 350 manat, digər şəhər və rayonlarda isə 250 manat həcmində müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu məbləğin 70 faizinin dövlət tərəfindən ödənilməsi planlaşdırılır.
Qrant layihəsinə qoşulan bağçaların siyahısı da kütləvi informasiya vasitələrində dərc olunub. Bu baxımdan, son qərardan sonra dövlət məktəbəqədər təhsil müəssisələrinin üzərinə düşən yükün müəyyən qədər azalacağı gözlənilir.
Seçim məsələsinə gəldikdə isə, imkanlı valideynlər daha çox özəl bağçalara üstünlük verirlər. Bunun əsas səbəblərindən biri iş qrafikidir. Dövlət bağçaları adətən saat 18:00-dək fəaliyyət göstərdiyi halda, özəl bağçalar valideynlərin tələbatına uyğun olaraq iş saatlarını və tədris proqramlarını daha çevik şəkildə təşkil edə bilirlər.
Qidalanma məsələsinə gəldikdə isə, bu sahəyə Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Tədris proqramı isə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənir və həm dövlət, həm də özəl məktəbəqədər təhsil müəssisələrində tətbiq olunur.
Nəticə etibarilə, seçim valideynlərin imkanlarından və üstünlüklərindən asılıdır. Hansı məktəbəqədər təhsil müəssisəsini seçəcəklərinə valideynlər qərar verirlər.
Təhlükəsizlik məsələsində də həm dövlət, həm də özəl bağçalara eyni tələblər tətbiq edilir. Nazirlər Kabinetinin 211 nömrəli qərarına əsasən, məktəbəqədər təhsil müəssisələri yalnız təhlükəsizlik, qidalanma, gigiyena və tədris proqramı üzrə müəyyən olunmuş standartlara tam cavab verdikdən sonra fəaliyyət göstərmək icazəsi alırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB