İyulun 5-də keçirilmiş II ixtisas qrupu üzrə qəbul imtahanında Laçın rayonu Oğuz tam orta məktəbinin məzunu Paşa Araz oğlu İsbəndiyarlı 400 bal toplayıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, abituriyent açıqlamasında bildirib ki, uğurunun əsasında sistemli və planlı hazırlıq dayanır. “Hazırlıq prosesində vaxtımı düzgün bölməyə çalışırdım. Hər gün müəyyən plan üzrə hazırlaşır, mütəmadi olaraq test tapşırıqlarını həll edirdim. Sosial şəbəkələrdə təhsil xəbərlərini izləyir, imtahanlarla bağlı yeniliklərlə maraqlanırdım. Bu, mənə motivasiyamı qorumağa və məqsədimə fokuslanmağa kömək edirdi”, -deyə o qeyd edib.
Məzun vurğulayıb ki, müəllimlərinin və valideynlərinin ona göstərdiyi dəstək əldə etdiyi nəticədə mühüm rol oynayıb: “Onların mənə inanması böyük motivasiya mənbəyi idi. Bu etimadı doğrultmaq üçün daha məsuliyyətli davranmağa çalışırdım”.
Paşa İsbəndiyarlının sözlərinə görə, ailəsində əldə olunan uğurlar da onu daha yüksək nəticələrə həvəsləndirib: “Keçən il bacım Nuranə İsbəndiyarlı 613,1 balla Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul oldu. Onun uğuru məni daha çox çalışmağa ruhlandırdı və qarşıma böyük hədəflər qoymağıma səbəb oldu”.
Müsahibimiz bildirib ki, Bakı Ali Neft Məktəbində maliyyə ixtisası üzrə təhsil almağı planlaşdırır: “Özümü II ixtisas qrupunun ən nüfuzlu istiqamətlərindən biri hesab olunan maliyyə sahəsində görürəm. Bu sahədə inkişaf imkanlarının geniş olduğunu düşünürəm. Gələcəkdə isə təhsilimi xaricdə davam etdirmək və beynəlxalq təcrübə qazanmaq istəyirəm”.
Qəbul imtahanına hazırlıq dövründə ən çox çətinlik çəkdiyi fənnin riyaziyyat olduğunu bildirən abituriyent bu çətinliyin öhdəsindən daha çox test həll etməklə gəldiyini deyib. O, qarşılaşa biləcəyi mürəkkəb suallara hazır olmaq üçün müxtəlif test toplularından istifadə etdiyini söyləyib.
Qeyd edək ki, Paşa İsbəndiyarlı əslən Laçın rayonunun Aşağı Çorman kəndindəndir. O, məktəb illərində də bir sıra mühüm nailiyyətlər əldə edib. 2026-cı ildə coğrafiya üzrə respublika fənn olimpiadasında gümüş medala layiq görülüb. Bundan əlavə, 2020-ci ildə pandemiya dövründə V sinif şagirdi olarkən keçirilən “Virtual əlaçı” müsabiqəsinin qalibi olub.
Məzun 11 illik təhsil müddətində hər il əlaçı olub, müxtəlif bilik yarışlarında iştirak edib və məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunub.
Yüksək nəticə göstərən məzun hesab edir ki, uğurun açarı məqsədyönlü olmaq, vaxtı düzgün idarə etmək və qarşıya qoyulan hədəfdən geri çəkilməməkdir. Onun sözlərinə görə, hər bir abituriyent özünə inanmalı, çətinliklərdən çəkinməməli və müntəzəm çalışmalıdır.
Paşa İsbəndiyarlı buraxılış imtahanında 277,3 bal, ümumilikdə isə 677,3 bal toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB