Yeni model məktəblərdə təhsilin keyfiyyətinə necə təsir edəcək? - EKSPERT AÇIQLADI
Yeni tədris ilindən etibarən Bakıdakı 31 məktəbdə yeni təmayül tədris modeli tətbiq olunacaq. Bu modelin əsas məqsədi şagirdlərin ali məktəbə hazırlığını daha çox məktəb daxilində təşkil etmək və əlavə repetitor ehtiyacını azaltmaqdır. Layihə çərçivəsində həm şagirdlər, həm də müəllimlər xüsusi seçim əsasında prosesə cəlb ediləcəklər. Bəs bu model məktəblərdə təhsilin keyfiyyətinə necə təsir edəcək? Bu model repetitor və hazırlıq kurslarına ehtiyacı azalda bilərmi? Hansı şagirdlər bu modeldən yararlana biləcək?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə artıq təmayülləşmə ilə bağlı bir neçə təşəbbüs həyata keçirilir və pilot layihə kimi bu model bir neçə iri məktəbdə və böyük şəhərlərdə tətbiq olunub:
“Həmin təşəbbüs artıq müəyyən nəticələr verdiyi üçün pilot layihənin daha da genişləndirilməsi istiqamətində tədbirlər planı hazırlanıb.
Təkcə Bakı şəhəri üzrə 30-dan çox məktəb bu ildən etibarən bu prosesə qoşulacaq. Bundan əvvəl də elm və təhsil naziri tərəfindən səsləndirilmişdi ki, ilkin mərhələdə 20 min müəllim tam ştatla işə cəlb olunacaq. Məhz həmin 20 min tam ştatlı müəllim də bu məktəblər üçün nəzərdə tutulub.
Nəzərə alaq ki, burada təmayüllü siniflərin əsas məqsədi repetitorluğun qarşısını almaq və həmin məktəblərin məzunlarının ali təhsil müəssisələrinə repetitorsuz qəbul olunmasına şərait yaratmaqdır. Məncə, əvvəlki illərin təcrübəsi yaxşı nəticələr verib. Elə buna görə də Elm və Təhsil Nazirliyi növbəti illərdə bu layihənin əhatə dairəsini daha da genişləndirməyi planlaşdırır.
Digər bir məsələ isə ondan ibarətdir ki, təmayüllü siniflərlə bağlı əvvəlcədən elanlar verilir, həm müəllim seçimi aparılır, həm də bu siniflərdə təhsil almaq istəyən şagirdlər arasında seçim prosesi həyata keçirilir.
Mən düşünürəm ki, bu layihə bütün ölkəni əhatə edəcək səviyyəyə çatdıqdan sonra repetitorluğun azaldılması istiqamətində mühüm nəticələr əldə olunacaq. Amma onu da qeyd edim ki, nə Azərbaycanda, nə də dünyanın digər ölkələrində repetitorluğu tamamilə aradan qaldıra biləcək bir mexanizm hələ mövcud deyil. Bu, insanların şəxsi təşəbbüsündən və maddi imkanlarından asılı olan bir məsələdir.
Ona görə də repetitorluğu tamamilə aradan qaldırmaq mümkün olmasa da, bu kimi layihələr vasitəsilə onun miqyasını azaltmaq və məktəbdaxili təhsilin keyfiyyətini artırmaq mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB