Paytaxtda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb

Paytaxtda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərində fəaliyyət göstərən 31 ümumi təhsil müəssisəsində tətbiq olunacaq.

Bu barədə SİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, modelin tətbiqinə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblərdə, həmçinin 70 və 299 nömrəli məktəb-liseylərdə başlanılacaq.

Qeyd olunub ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinifləri üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı davam edir. Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə və şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Model çərçivəsində şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan, məktəbdə təşkil olunan gücləndirilmiş tədris vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsi nəzərdə tutulur. Tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil ediləcək, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək.

Qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər. Tədrisin keyfiyyətinin artırılması məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar. Seçim zamanı onların peşəkarlığı, pedaqoji fəaliyyət göstəriciləri və digər meyarlar nəzərə alınacaq. Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagirdmüəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə