Azərbaycanda quraqlıq və səhralaşma prosesi üzrə tədqiqat aparılır

Azərbaycanda quraqlıq və səhralaşma prosesi üzrə tədqiqat aparılır

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Azərbaycanda quraqlıq hadisələri və səhralaşma prosesinin səbəbləri, dinamikası və təsirləri üzrə tədqiqatlar aparılır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, institutdan bildirilib ki, son onilliklərdə Azərbaycanda quraqlıq və səhralaşma ekoloji problemlərdən birinə çevrilib. Mütəxəssislərin fikrincə, bu proseslərin əsas səbəbləri qlobal iqlim dəyişmələri ilə yanaşı, su ehtiyatlarının azalması, torpaq resurslarından qeyri-səmərəli istifadə və antropogen təsirlərdir.

Qeyd olunub ki, Azərbaycan coğrafi mövqeyinə görə yarımsəhra və quru subtropik iqlim qurşağında yerləşdiyindən quraqlığa təbii meyillidir. Lakin qlobal iqlim dəyişmələri bu meyli daha da gücləndirərək quraqlıq hallarının intensivliyini artırır.

Xüsusilə Kür-Araz ovalığı və Abşeron yarımadası kimi quraq ərazilərdə su çatışmazlığı, torpaq deqradasiyası və səhralaşma riski daha yüksək qiymətləndirilir.

İnstitutun mütəxəssisləri vurğulayıblar ki, quraqlığın yaranmasını yalnız yağıntının azalması ilə əlaqələndirmək düzgün deyil. Bu proses orta illik hava temperaturunun yüksəlməsi, yay mövsümünün uzanması, isti hava dalğalarının intensivləşməsi, buxarlanmanın artması və digər iqlim amillərinin birgə təsiri nəticəsində formalaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə