"Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə qəbul imtahanlarını keçirib. Müəllimlərin ilkin qiymətləndirmələrinə əsasən, ikinci cəhd blok imtahanının çətinlik səviyyəsi birinci cəhdlə təxminən eyni olub".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

O bildirib ki, hazırda rəsmi statistika açıqlanmadığı üçün qəti nəticə və ya dəqiq proqnoz vermək mümkün deyil:
"Ona görə də qeyd edəcəyim fikirlər yalnız ehtimal xarakteri daşıyır. Əgər imtahanın ümumi çətinlik səviyyəsi həqiqətən də birinci cəhdlə eyni olubsa, hesab edirəm ki, II və III ixtisas qruplarında keçid ballarında ciddi artım gözlənilmir. Əksinə, bəzi ixtisaslarda müəyyən qədər enmə də müşahidə oluna bilər. Bununla yanaşı, prestijli ixtisaslarda, xüsusilə rəqabətin yüksək olduğu sahələrdə keçid ballarının artması istisna deyil. Lakin bu, ümumi keçid ballarının artması demək deyil, yalnız ayrı-ayrı ixtisaslar üzrə müşahidə oluna bilər.
Məsələn, hüquq kimi yüksək rəqabətli ixtisaslarda müəyyən artım mümkündür. Digər tərəfdən, müsabiqə şərtlərini tam ödəyə bilməyən, xüsusilə blok imtahanında tələb olunan minimum nəticəni əldə etməyən abituriyentlər üçün, əsasən III ixtisas qrupunda rəqabətin daha gərgin keçəcəyi ehtimal olunur.
II ixtisas qrupunda isə qəbul prosesinin nisbətən rahat keçəcəyini düşünürəm. Bu qrup üzrə keçid ballarında ciddi dəyişiklik gözlənilmir. Yalnız dövlət sifarişi əsasında qəbul aparılan bəzi ixtisaslarda balların artması mümkündür. Bu da birbaşa həmin ixtisaslar üzrə ayrılan plan yerlərinin sayından asılı olacaq.
Hazırda plan yerlərinin bölgüsü hələ açıqlanmadığı üçün bu barədə dəqiq fikir söyləmək mümkün deyil. Təhsil naziri son çıxışlarında bəzi ixtisaslar üzrə Bakı şəhərində plan yerlərinin azaldılmasının nəzərdən keçirildiyini bildirmişdi. Əgər bu azalma prestijli ixtisaslara aid olarsa, həmin ixtisaslar üzrə rəqabət daha da güclənəcək və keçid ballarının yüksəlməsi ehtimalı artacaq.
III ixtisas qrupunda isə hesab edirəm ki, bir sıra ixtisaslarda keçid balları ötən illə müqayisədə təxminən eyni qalacaq, bəzi ixtisaslarda isə cüzi enmə mümkündür. Lakin bir daha vurğulamaq istəyirəm ki, bunlar yalnız ilkin ehtimallardır.
Dəqiq proqnoz vermək üçün Dövlət İmtahan Mərkəzinin rəsmi statistikası, plan yerləri və müsabiqə göstəriciləri açıqlanmalıdır. Məhz bundan sonra keçid balları ilə bağlı daha əsaslandırılmış və dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq.
Ümumilikdə isə demək olar ki, imtahan suallarının çətinlik səviyyəsi birinci cəhd blok imtahanından ciddi şəkildə fərqlənməyib. Buna görə də builki qəbul prosesinə əsas təsir göstərəcək amillər buraxılış imtahanının nəticələri, plan yerlərinin sayı və abituriyentlərin ümumi göstəriciləri olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB