“İxtisas seçərkən gələcəyin əmək bazarının tələbləri nəzərə alınmalıdır" - EKSPERT DANIŞDI
"Hazırkı vəziyyətdə əmək bazarında daha çox kənd təsərrüfatı yönümlü ixtisaslar üzrə kadr çatışmazlığını müşahidə edirik".
Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi səsləndirib.
Onun sözlərinə görə, hazırda əmək bazarında tələbatın formalaşması ənənəvi yanaşmalardan fərqlənir və texnologiyanın sürətli inkişafı ixtisas seçimində yeni prioritetlər müəyyənləşdirir:
"Kənd təsərrüfatı yönümlü ixtisaslarla yanaşı, informasiya texnologiyaları istiqamətində, müəyyən sayda tədris və ingilis dili bölmələri üzrə pedaqoji heyətə, eləcə də bəzi iqtisadi ixtisaslar üzrə mütəxəssislərə də ehtiyac var.
Tibb və hüquqşünaslıq sahələrində də əmək bazarında tələbat davam edir və gənclər ixtisas seçimi zamanı bu istiqamətlərə üstünlük verməlidirlər. Gələcəyin əmək bazarında daha çox rəqabət üstünlüyü yaradacaq sahələr məhz informasiya texnologiyaları, iqtisadiyyat və tibb olacaq.
Uzun illər aktual hesab olunan bəzi ixtisaslar artıq əvvəlki əhəmiyyətini itirməkdədir. Politologiya, fəlsəfə, tərcümə (ingilis, alman və fransız dilləri), kitabxanaçılıq, informasiya işi, jurnalistika və digər oxşar sahələrə əvvəlki kimi müraciətlər demək olar ki, olmamalıdır.
Çünki bir neçə ildən sonra bu sahələrin əksəriyyətini süni intellekt tədricən sıradan çıxarmış olacaq. Ona görə də gənclər ixtisas seçimi edərkən mütləq informasiya texnologiyaları yönümlü, iqtisadi və tibbi sahələrə üstünlük verməlidirlər.
Texnologiyanın inkişafı nəticəsində dizayn və operator sənəti kimi peşələr də tədricən aktuallığını itirəcək. Bu baxımdan, həmin istiqamətlərə üstünlük vermək məqsədəuyğun hesab edilmir. Gənclər ixtisas seçərkən yalnız bugünkü vəziyyəti deyil, gələcəkdə əmək bazarında yaranacaq tələbləri də nəzərə almalı, dəyişən iqtisadi və texnoloji reallıqlara uyğun qərarlar verməlidirlər".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB