Sertifikasiyadan keçə bilməyən müəllimlərə yenidən imtahan vermək imkanı yaradılmalıdır? - EKSPERT AÇIQLADI
Müəllimlərin sertifikasiya prosesi artıq yekunlaşıb. Nəticələrə əsasən, təxminən 9 min müəllim sertifikasiyadan keçə bilmədiyi üçün əmək fəaliyyətini dayandırıb. Bu qərar təhsildə keyfiyyətin artırılması baxımından vacib hesab olunsa da, həmin müəllimlərin gələcək məşğulluğu və xüsusilə regionlarda yarana biləcək kadr çatışmazlığı ilə bağlı müzakirələr davam edir. Bəs bu vəziyyətin təhsil sisteminə təsiri necə olacaq və çıxış yolu nədir? Sertifikasiyadan keçə bilməyən müəllimlərə yenidən imtahan vermək imkanı yaradılmalıdır? Sertifikasiyadan keçə bilməyən müəllimlər üçün hansı dəstək və ya yenidənhazırlanma mexanizmləri tətbiq oluna bilər? Regionlarda müəllim çatışmazlığı fonunda bu nəticələr hansı çətinliklər yarada bilər? Gənc müəllimlərin regionlarda işləməyə marağını artırmaq üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, 115 min müəllim sertifikasiyaya cəlb olunub:
“Onlardan 9 minə qədəri sertifikasiyanın ikinci cəhdində də uğursuz nəticə göstərdiyinə görə sistemdən kənarlaşdırılıb.
Ancaq bu, o demək deyil ki, həmin müəllimlər bir daha müəllim ola bilməzlər. Əgər onların iradəsi və əzmi varsa ki, bundan sonra da müəllim kimi fəaliyyətlərini davam etdirsinlər, əlbəttə ki, müəllimlərin işə qəbulu imtahanında yenidən iştirak edib boş qalan vakansiyaları seçə bilərlər.
Regionlarda müəllim çatışmazlığı məsələsinə gəldikdə isə, bilirsiniz ki, şagird sayı az olan məktəblərdə azkomplektli siniflər fəaliyyət göstərir. Xüsusilə kimya, biologiya və coğrafiya müəllimləri üçün problem yaranır. Çünki hər sinifdə bu fənlər həftədə cəmi bir saat tədris olunur və müəllimlərin dərs yükü kifayət qədər formalaşmadığına görə onların əksəriyyəti regionlarda işləməyə üstünlük vermirlər.
Ona görə də məktəblərin optimallaşdırılması prosesi həyata keçirilir. Ən ucqar yaşayış məntəqələrində təhsil alan şagirdlər üçün isə ən peşəkar müəllimlərdən onlayn qaydada dərs almaq imkanı yaradılacaq.
Mən düşünürəm ki, bu proses müəyyən mərhələyədək bu şəkildə idarə olunacaq. Daha sonra məktəblərin tam optimallaşdırılması başa çatdıqdan sonra müəllimlərin dərs yükü və yerləşdirilməsi daha səmərəli şəkildə tənzimlənəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB